Rusiya ABŞ-da seçkilərə müdaxilə etməyə çalışır

   Rusiya ABŞ-da seçkilərə    müdaxilə etməyə    çalışır
  30 İyul 2024    Oxunub:2619
Kreml ABŞ-da prezidentlik postu uğrunda gedən mübarizə ilə bağlı dezinformasiya yaymaqla məsuliyyətsiz amerikalıların ictimai rəyinə fəal şəkildə təsir etməyə cəhd göstərir.
“Associated Press” agentliyi bildirib ki, ABŞ-nin Milli Kəşfiyyat idarəsinin təmsilçiləri jurnalistlər üçün keçirilən brifinqdə belə açıqlama veriblər.

Kəşfiyyat rəsmilərinin fikrincə, seçkilərə inamını sarsıtmaq üçün interneti Amerika demokratiyası ilə bağlı yalan iddialarla doldurmaq əzmi bəzi ölkələrdə dəyişməz olaraq qalır.

“Amerika ictimaiyyəti bilməlidir ki, internetdə, xüsusən də sosial mediada oxuduqları istənilən kontent, hətta onun yerli vətəndaşdan və ya əslən ABŞ-dan çıxmış şəxsdən gəldiyi görnsə belə, xarici təbliğat ola bilər”, - Milli Kəşfiyyat idarəsinin direktorunun ofisinin təmsilçisi deyib.

Kəşfiyyat rəsmiləri bildiriblər ki, Kremlə bağlı qruplar getdikcə daha çox Rusiyadakı marketinq və kommunikasiya şirkətlərini öz izlərini gizlətməklə yanaşı rəqəmsal təbliğat işlərinin bir hissəsini autsorsinq (şirkətin qeyri-profil funksiyalarını digər təşkilata həvalə etmək) məqsədi ilə fəaliyyətə cəlb edirlər. Məhz iki belə şirkət ABŞ-nin mart ayında elan etdiyi yeni sanksiyaların hədəfinə çevrilib. ABŞ səlahiyyətliləri iki rus şirkətinin Kreml dezinformasiyasını yaymaq üçün saxta veb-saytlar və sosial media profillər yaratdığını iddia edirlər.

Dezinformasiya namizədlərə, səsverməyə və ya immiqrasiya, cinayət və ya Qəzza zolağında müharibə kimi ABŞ-da artıq müzakirə mövzusu olan məsələlərə yönələ bilər. Lakin son məqsəd amerikalıları Rusiya dezinformasiyasının mənşəyini şübhə altına almadan yaymağa məcbur etməkdir. Kəşfiyyat məmurlarının iddiasına görə, insanlar daxili mənbədən gəldiyinə inandıqları məlumatlara daha çox güvənir və onları yayırlar. Amerika mediasının imitiasiyası üçün yaradılan saxta internet saytları və süni intellektdən istifadə etməklə yaradılan sosial media profilləri rusların istifadə etdiyi üsullardan yalnız ikisidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   seçkilər  





Xəbər lenti