Tramp: “ABŞ-ni planetin kriptovalyuta paytaxtına çevirəcəyəm”

   Tramp: “ABŞ-ni planetin    kriptovalyuta paytaxtına    çevirəcəyəm”
  30 İyul 2024    Oxunub:2910
ABŞ-nin keçmiş prezidenti və respublikaçıların dövlət başçısı vəzifəsinə namizədi Donald Trampın Neşvildə (Tennessi) keçirilən “Bitcoin 2024” konfransında proqram xarakterli çıxışı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
xəbər verir ki, Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ni “planetin kriptovalyuta paytaxtı”na, eləcə də “bitcoin fövqəl dövlətinə” çevirəcəyini bildirib.

Bu mənada, şəxsən özünü kriptovalyutaların müdafiəçisi, Bayden və onun administrasiyasını isə onların rəqibləri kimi qiymətləndirən sabiq prezident konfrans iştirakçılarını əmin edib ki, onun hakimiyyəti dövründə ABŞ nəinki bitkoinlərdəki aktivləri satmayacaq, əksinə, ölkədə onların strateji ehtiyatını yaradacaq.

Yəni potensial prezidentin hökuməti sahib olduğu və ya əldə etdiyi kriptovalyutanı saxlayacaq, bu valyutanın gələcəyi formalaşdıracağı halda, onun bilavasitə ABŞ-da mayninqini (hasilatını) və zərb edilməsini, habelə istehsal olunmasına çalışacaq.

Amma Trampın vədləri Vaşinqtonun hazırkı monetar siyasətinə zidd olduğundan o, konfrans iştirakçılarını əmin edib ki, kriptovalyutaların davamlı tənqidçisi, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hazırkı rəhbəri Qeri Gensleri prezidentliyinin elə ilk günündə işdən çıxaracaq. Respublikaçıların prezidentliyə namizədi habelə şəffaf tənzimləyici sənədlərin işlənib-hazırlanması tapşırılacaq Bitcoin və digər kriptovalyutalar üzrə xüsusi Prezident Məsləhət Şurası yaratmağa söz verib.

Amerika KİV-ləri bu çıxışdan dərhal sonra Trampın kriptovalyuta sahiblərinə reveransının onun 2021-ci ildə “Fox Business” telekanalnın efitrində sərgilədiyi mövqe ilə kəskin şəkildə ziddiyyət təşkil etdiyini xatırladıblar. Onda Tramp Bitcoini dollara təzyiq göstərən fırıldaq adlandırmışdı.

Bir çox siyasi ekspertlər isə Trampın son aylarda ABŞ-nin texnologiya sektorunu daha çox dəstəklədiyinə, onun ən görkəmli nümayəndələrindən birinin “Tesla” və “Space X”-in yaradıcısı İlon Maskın respublikaçı namizədə rəğbət bəslədiyinə diqqət çəkiblər. Eyni zamnada, Trampın həm də “Bitcoin 2024” konfransında iştirak edən kriptovalyuta maqnatları –Uinklvoss əkiz qardaşları üçün də “özününkü”nə çevridliyi ehtimal olunur.


Kriptovalyuta tərəfdarları ilə görüşə yaxşı hazırlaşmış Tramp öz çıxışında onlar üçün ən vacib olan mövzulara toxunub. Xüsusilə, mayninq üçün tələb olunan elektrik enerjisi probleminin həlli üçün Tramp yeni elektrik stansiyaları tikəcəyini və bütün mövcud mənbələrdən, o cümlədən ənənəvi yanacaqlardan və nüvə enerjisindən istifadə edəcəyinə söz verib. Onun sözlərinə görə, bu, təkcə Bitcoin üçün deyil, həm də ABŞ-nin süni intellekt üzərində hökmranlıq yarışında qələbəsi üçün zəruridir.

Trampın vitse-prezidentliyə namizəd kimi irəli sürdüyü Ceyms Devid Vensin də kriptovalyutaların inkişafının tərəfdarı olduğunu nəzərə alsaq, ABŞ-nin texnologiya sektorunda eyforiya mühitinin yaranması heç də təəccüblü görünmür.

Analitiklərin fikrincə, Tramp kriptovalyuta bazarı üçün getdikcə cəlbedici fiqura çevrilir. Onun Ağ Evə gəlişi ilə rəqəmsal aktivlər sektoruna münasibət yumşalacaq və ola bilsin ki, kriptovalyuta bazarına son dərəcə sərt yanaşan SEC-in rəhbərinin dəyişdirilməsi məsələsi aktuallaşacaq. Başqa sözlə desək, rəqəmsal aktivlərin pərəstişkarları Donald Trampa ciddi şəkildə güvənirlər.

Xatırladaq ki, kriptovalyuta məsələsi ilk dəfə Trampın may ayında ABŞ-ni bitkoinlərin istehsalında dominant mövqe tutacağını vəd etməsindən sonra prezidentlik kampaniyasının mövzularından birinə çevrilib. Çünki onun sözlərinə görə, əgər ABŞ bitkoin və kriptovalyutanı qəbul etməsə, bunu Çin edəcək.

Yeri gəlmişkən, hazırda 210 mindən çox bitkoinə malik olan ABŞ hökuməti bu valyuta üzrə dünyanın ən böyük sahiblərindən biridir. Müqayisə üçün deyək ki, ekspertlərin kriptovalyuta holdinqləri arasında dünya lideri sasydıqları “MicroStrategy texnologiya” şirkəti 226 000-dən çox bitkoinə sahibdir.

Belə görünür ki, ABŞ-da bu rəqəmin kəskin şəkildə arta bilməsi ehtimalı çox yüksəkdir. Çünki Trampın “Bitcoin 2024” konfransındakı çıxışı İT sektorunun nümayəndələrinin səslərini cəlb etmək üçün adi PR kampaniyasından daha çox, yəqin ki, son vaxtlar Trampa yaxınlaşan İlon Maskın iştirakı ilə düşünülmüş, işlənib-hazırlanmış fəaliyyət proqramına bənzəyir.

Bu isə Qərb elitasının parçalanma ərəfəsində olduğunu göstərir: əgər Hollivud həmişə olduğu kimi demokrat namizədə səs versə, Silikon vadisindən olan İT mütəxəssislərinin siyasi hüsn-rəğbəti tədricən Trampın tərəfinə keçəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   kriptovalyuta  





Xəbər lenti