Türkiyə İsrail-Livan müharibəsinə müdaxilə edəcəkmi? - Politoloqdan Açıqlama

   Türkiyə İsrail-Livan müharibəsinə müdaxilə edəcəkmi? -   Politoloqdan Açıqlama
  29 İyul 2024    Oxunub:1394
Xəbər verdiyimiz kimi, İsrail ilə Livan arasında baş verən gərginlik Yaxın Şərqi müharibənin astanasına gətirib. İsrail höküməti və ordu rəhbərliyi Livana qarşı müharibə anonsları verir. Dünən isə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən 4 şəhəri bombalayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, türk qoşunları lazım gələrsə, İsrail ərazisinə daxil olacaq.

Maraqlıdır, Türkiyə bu müharibəyə qoşula bilərmi?

Məsələni AzVision.az -a şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Türkiyənin bu münaqişədə haradan, hansı istiqamətdə müdaxilə edə biləcəyi ehtimalı azdır:

Brik: "Regional müharibənin astanasındayıq"
"Türkiyə haradan hücum edə bilər, Suriya, Livan, Yəmən, yoxsa Qəzza istiqamətindən? Türkiyə üçün əsas məsələ öz ərazisinin təhlükəsizliyini həmin istiqamətlərdən qorumaqdır. Türkiyənin öz ərazisini Suriya, Aralıq dənizi istiqamətində qoruması onun münaqişədə iştirak etməsi deyil, öz təhlükəsizliyini təhdidlərdən müdafiə etməkdir".

Politoloq qeyd edib ki, münaqişənin arealının genişlənəcəyi istisna olunmur:

"İsrail ordusu Livanı, Qəzza zolağını, Yəməndə Husilərin yerləşdiyi bazanı, habelə Suriyada İran İnqilab Keşikçiləri Qvardiyasının, yəni SEPAH-ın hərbi bazalarını həmişə vurub. Son günlərdə isə intensivləşib. Ona görə də elə təəssürat yaranır ki, müharibənin ərazisi böyüyüb və əlavə qüvvələr cəlb olunub. Sadəcə olaraq İranın İsrail, Livan, Yəmən, Suriya istiqamətlərində apardığı müharibəyə başqa ölkələr hərbi texnika ilə dəstəkləyir. İsraillə müharibə aparan tərəf belə inamlı görünməyə çalışır. Bu həm də ABŞ-nin regional maraqlarına qarşı birliyinin nümayişidir".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   İsrail   Livan   müharibə   Türkiyə  





Xəbər lenti