Erməni jurnalisti qorxuya salan 10 fars və artan demoqrafiya problemi

   Erməni jurnalisti qorxuya salan 10 fars və    artan demoqrafiya problemi
  29 İyul 2024    Oxunub:5066
Ermənistanda demoqrafik problemlər dalğası artmaqdadır. Araşdırmaçı jurnalist Tatul Hakobyanın "Mamul" nəşrində dərc etdiyi məqalə buna bariz nümunədir.
O, ölkəsində kəndlərin surətlə boşalması, işçi qüvvəsi ilə bağlı problemlərin cərəyan etməsindən gileylənib: “Bu yaxınlarda axşam saatlarında eyvanda oturub kitab oxuyurdum. Qarşıdakı küçədə bir neçə kişi ucadan danışmağa başladı. Onların işlətdiyi cümlələr Azərbaycan dilinə çox oxşayırdı. Amma aydın məsələdir ki, həmin şəxslər azərbaycanlı ola bilməzdilər. Sadəcə erməni dilində müzakirə aparmırdılar və həmin kişilərdə ermənilərə xas sima sima, görkəm yox idi. Amma qulağıma tanış bir dilə aid səslər gəlirdi. Hətta bəzi sözləri başa düşürdüm. Çünki 28 dəfə İranda olmuşam və o qədər farsca sözlər eşitmişəm ki, artıq bu dili tanıyıram. Bir sözlə, məlum oldu ki, bu ucadan danışan kişilər iranlı imiş. Hətta sonradan öyrənə bildim ki, kəndimizdə Ermənistan hökumətinin vəsaiti ilə ərsəyə gələn yeni məktəbin tikintisi üçün 10-15 fars məskunlaşıb".

Ermənistanda əhalinin sayı surətlə azalır
Millətçilik damarı tutan jurnalist həmin əcnəbilərdən biri ilə ünsiyyətdə olub və ondan milliyyətini soruşub: "Mənə İran Kürdüstanında yaşayan kürd olduğunu dedi. Ancaq işçilərin hamısı farsca danışır, çox sakit insanlardılar. Axşamlar onları kənd parkında da görmək olar. İranlı işçilər Google Translatedən istifadə edərək yerli sakinlərlə ünsiyyət qururlar. Fəhlələr oğlu 1990-cı illərdə öldürülmüş bir kişinin evində məskunlaşıblar. Kişinin digər oğlu isə Ukraynadadır. Bizim kəndin gənclərinin demək olar ki, hamısı İrəvana iş üçün axın edib və ya bu illər ərzində ölkəni tərk ediblər".

Hakobyan proqnozunu da yazıb. Onun sözlərinə görə. Ermənistanın nəinki bu gün, yaxın gələcəkdə də bir nömrəli problemi demoqrafiya, sərhədyanı yaşayış məntəqələrinin tərk edilməsi olacaq: "Biz bu istiqamətdə də uduzuruq. Əgər 1920-ci ildə Ermənistanda 1 milyona yaxın insan yaşayırdısa, 1989-cu ildə bu rəqəm 3,5 milyona çatmışdı. Yəni 70 ildə əhalinin sayı 4 dəfə artıb. Bu gün isə Ermənistanda 3 milyondan az insan qalıb və İrəvan obrazlı şəkildə təsvir etsək, ağzını açaraq sərhəd kəndlərini udaraq viran qoyur”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Demoqrafiya  





Xəbər lenti