Tramp: "Demokratların İsraildən zəhləsi gedir" - VİDEO

      Tramp:    "Demokratların İsraildən zəhləsi gedir" -  VİDEO
  29 İyul 2024    Oxunub:1021
(İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu Donald Trampla onun Floridadakı iqamətgahında. 26 iyul 2024-cü il)

"Demokratlar Partiyasının yəhudimənşəli nümayəndələri özlərini fələstinli kimi aparırlar".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Tramp Nyu-Cersi şəhərində baş tutan xeyriyyə yığıncağında çıxışı zamanı dilə gətirib.

O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünü xatırladaraq, onunla söhbətdə də bu mövzuya toxunduğunu diqqətə çatdırıb.

"Ondan soruşdum ki, axı yəhudilər niyə Demokratlar Partiyasına səs verirlər? Cavab verdi ki, bu sadəcə vərdişə çevrilib", - Tramp deyib.


Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti, sözügedən partiyanın prezidentlik yarışında namizədi Kamala Harris İsrail Baş naziri ilə ötən günlərdə baş tutan görüşündə onu "Qəzzadakı bəşəri böhrana görə" qınamış, sərt ifadələr səsləndirmişdi. Xanım namizəd həmçinin Netanyahunun ABŞ Konqresindəki çıxışına da qoşulmamışdı.

Rəqibinin belə yanaşmasına Trampın ilk reaksiyası daha "maraqlı" idi. O bildirmişdi ki:

"Demokratların namizədi Kamala Harrisi və ya bu partiyanı dəstəkləyən yəhudilər gərək gedib başlarını yoxlatsınlar".
Tramp: "Yəhudi siyasətçi özünü fələstinli kimi aparır" - FOTOLAR

Tramp iyunun əvvəlində "Fox News" telekanalında aparıcı Şon Hennitinin verilişində Senatın çoxluq üzrə lideri, Demokratlar Partiyasının üzvü, yəhudimənşəli Çak Şumeri də "İsrailə xəyanətdə" günahlandırmışdı.

(Donald Tramp və Çak Sumer Ağ Evin Oval ofisində. 11 dekabr 2018-ci il)

"Artıq hətta Çak Şumer də özünü fələstinli kimi aparır. Başa düşürsünüz: Çak Şumer - yəhudi! Həmişə İsraili dəstəkləyərdi, indi isə əksinə", - Tramp vurğulamışdı.

Çak Şumer, həqiqətən də, mart ayında Netanyahunu və İsrailin Qəzzaya qarşı müharibədə rəftarını tənqid atəşinə tutaraq, onun lider kimi əvəzlənməsinə çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   yəhudilər   seçkilər  





Xəbər lenti