Obama Baydenin qələbəsinə şübhə ilə yanaşır - "Washington Post"

   Obama Baydenin qələbəsinə şübhə ilə yanaşır    - "Washington Post"
  03 İyul 2024    Oxunub:967
ABŞ-nin keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Co Baydenin seçkilərdə qələbə çalacağına şübhə ilə yanaşır.
Bu fikirlər Washington Post-da (WP) dərc olunan məqalədəndir.

Baydeni Obama əvəz edə bilər
Obamanın fikrincə, Baydenin yenidən prezident seçilməsi üçün çətin bir yol keçməlidir. Bu yolda irəliləmək keçmiş prezident Donald Trampla ilk debatdan sonra daha da çətinləşib. Washington Post yazıb ki, Obamanın bu qiymətləndirməsi onun ictimai bəyanatlarından daha sərt görünüb.

Müəllif iddia edir ki, Obama hətta debatdan sonra Baydenə zəng edərək ona şəxsi məsləhətçi və ya ekspert kimi yardım edə biləcəyini deyib. Lakin, o, Trampın qarşısında zəif görünən hazırkı prezidenti seçki kampaniyasından geri çəkilməyə çağırmayıb.

Məşhur amerikalı jurnalist Taker Karlson da Obamanın Baydenin qələbəsinə inanmadığını deyib. Karlson X hesabında eks-prezidentin hazırki ABŞ liderinə dəstək nümayiş etdirən bəyanatlarının qeyri-səmimi olduğunu iddia edib.

Xatırladaq ki, “Daily Mail” təxminən iki həftə öncə ABŞ-nin 44-cü prezidenti Obamanın noyabrda keçiriləcək prezident seçkilərində Baydeni əvəz edə biləcəyini yazmışdı. Demokratlar bu riskləri Baydenin səhhətinin pis olması ilə əlaqələndirirdilər. Bu mənada həlledici məqam kimi Baydenlə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp arasındakı debatı göstərirdilər. Debat isə artıq baş tutub və Bayden ilk debtada xeyli uğursuz görünüb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Obama   Seçki   ABŞ  





Xəbər lenti