Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə mina əməliyyatına başladı

Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə mina əməliyyatına başladı
  01 İyul 2024    Oxunub:759
Türkiyə, Rumıniya və Bolqarıstan gəmiçilik təhlükəsizliyini, xüsusən də Ukrayna taxılının ixracını yaxşılaşdırmaq məqsədilə bazar ertəsi, iyulun 1-də Qara dənizdə birgə mina əməliyyatlarına başlayıb
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

İstanbulun rəhbərlik etdiyi təşəbbüs Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Qara dəniz ölkələrinin ilk böyük birgə aksiyasıdır. Müharibə nəticəsində Qara dənizin bəzi ərazilərində üzən minaların təmizlənməsi məqsədi daşıyır.

Türkiyə, Bolqarıstan və Rumıniya bu il yanvarın 11-də Qara dənizdə dəniz minalarına qarşı birgə mübarizə haqqında saziş imzalayıb.

Bolqarıstan hökuməti qrupun fəaliyyətinin heç bir başqa ölkəyə qarşı yönəlməyəcəyini və Qara dənizdə minalardan təmizləmə əməliyyatının iştirakçılar arasında qarşılıqlı fəaliyyəti və mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmağa kömək edəcəyini vurğulayıb.

Qeyd edək ki, Kiyev ötən il Rusiya, Türkiyə və BMT-nin dəstəklədiyi təhlükəsiz dəhliz sazişinin iflasından sonra öz Qara dəniz ixrac marşrutunu işə salıb. Bu, ixracı uğurla artırılıb və iqtisadiyyatın proqnozlaşdırılandan daha sürətli böyüməsinə kömək edib, lakin marşrut riskli olaraq qalır.

Ukrayna İnfrastruktur Nazirliyinin ötən həftə verdiyi məlumata görə, 2023-cü ilin avqustunda dəniz dəhlizinin açılışından bəri Ukrayna Odessa, Çernomorsk və Yujnı limanından 37,4 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edib.

Türkiyə, Rumıniya və Bolqarıstan NATO-nun üzvüdür. Bununla belə, onların gəmiçilik qüvvələri qismən Rusiya ilə gərginliyin qarşısını almaq üçün NATO-dan kənarda idarə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti