Ölkəmiz Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə təmsil olunur - FOTOLAR

Ölkəmiz Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə təmsil olunur -    FOTOLAR
  19 İyun 2024    Oxunub:1632
İyunun 19-da dünyanın bir çox ölkəsindən kitab sənayesi nümayəndələrinin qoşulduğu 30-cu Pekin Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.
Mədəniyyət Nazirliyindən AzVision.az -a bildirilib ki, sərgidə Nazirliyin təşkilatçılığı və Çindəki səfirliyimizin dəstəyi ilə ölkəmiz ilk dəfə Pekin Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.

Stenddə ölkəmizə dair yeni çap olunan ümumilikdə 133 adda 309 nüsxə nəşr nümunəsi nümayiş etdirilir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd edilir. Mədəniyyət Nazirliyi tərəfindən yubileylə əlaqədar silsilə layihə və tədbirlər təşkil olunur. Sərgidəki stendimizdə də Füzulinin həyat və yaradıcılığına dair nəşrlər də yer alıb. Burada Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə ətraflı məlumat verilir.

Sərgi çərçivəsində Azərbaycanın bir sıra yerli naşirinin iştirakı ilə milli stenddə Çin tərəfi ilə əməkdaşlıq görüşləri keçirilir.

Sərginin açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyəti Pekin Milli Kitabxanasında olub, kitabxana ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Sərgi iyunun 23-dək davam edəcək.

AzVision.az

Qalereya




Teqlər: kitab   festival  





Xəbər lenti