Avropaya qaz tədarükündə Rusiya ABŞ-ni üstələdi

   Avropaya qaz tədarükündə    Rusiya ABŞ-ni üstələdi
  16 İyun 2024    Oxunub:1473
Moskvanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqının (Aİ) Rusiyanın ənənəvi enerjdaşıyıcılarından asılılığını azaltmaq səylərinə baxmayaraq, may ayında Rusiyadan Avropaya qaz ixracı təxminən son iki ildə ilk dəfə ABŞ-nin tədarük etdiyi maye yanacağın həcmini keçib.
AzVision.az xəbər verir ki, Beynəlxalq İnşaat İnformasiya Konsaltinq (İCİS) şirkətinin ekspertlərinə istinad edən “Financial Time” qəzeti belə məlumat yayıb.

“Bütün baş verənlərdən, enerji təchizatında asılılığı və riski azaltmaq üçün bütün səylərdən sonra Rusiya qazının və mayeləşdirilmiş təbii qazın Avropa bazarında payının yenidən artdığını görmək təəccüblüdür”, - nəşr İCİS-nin eksperti, qaz üzrə analitika şöbəsinin rəhbəri Tom Marzek-Maneradan sitat gətirir.

Moskvanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən Rusiyadan boru kəməri vasitəsi ilə aldığı qazın həcmini kəskin şəkildə azaldan Aİ, ixtisaslaşdırılmış gəmilər tərəfindən çatdırılan maye qaz idxalını artırdı və çox tezliklə ABŞ Avropa üçün əsas təchizatçıya çevrildi. Artıq 2022-ci ilin sentyabrında Avropanın qaz ixracatçısı kimi Rusiyanı geridə qoyan ABŞ, ötən ildən bəri regionun tədarükünün təxminən 20%-ni təmin edir.

ICIS-in məlumatına görə, keçən ay Rusiyanın boru kəməri və maye qazı Aİ, Böyük Britaniya, Bosniya və Herseqovina, Serbiya, İsveçrə, və Şimali Makedoniyaya ümumi tədarükün 15%-ni təşkil edib. Eyni zamanda, Amerikanın maye qazının regiona aylıq tədarükü 14% olub ki, bu da 2022-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.

Bu dəyişikliklər bir sıra Aİ ölkələrinin Moskvaya qarşı sanksiyalar tətbiq etmək səylərinə baxmayaraq, Rusiya qazının Avropaya idxalının ümumi artımı fonunda baş verib. 2022-ci ilin ortalarında Rusiyanı şimal-qərbi Avropa ilə birləşdirən boru kəmərləri ilə qaz tədarükü dayandırılsa da, Ukrayna və Türkiyə ərazisindən keçən boru kəmərləri vasitəsilə təbbi qazın nəqli davam edir.

May ayında qaz tədarükünə müvəqqəti amillər, o cümlədən ABŞ-dakı əsas maye qaz ixracatı obyektində baş verən dayanmalar, Rusiyanın isə iyun ayında planlaşdırılan təmirdən əvvəl Türkiyə vasitəsilə daha çox qaz göndərməsi təsir göstərib. Habelə, Avropada qaza tələbat da nisbətən zəifdirr, onun ehtiyat səviyyəsi isə ilin bu vaxtı üçün rekord həddədir.

Marzek-Manserin fikrincə, bu tendensiyanın davam edəcəyi ehtimalı azdır. Çünki Rusiya yayda Şimal dəniz yolu ilə Asiyaya maye qaz göndərə biləcək və bu, ehtimal ki, Avropaya göndərilən həcmi azaldacaq, eyni zamanda ABŞ-da maye qaz istehsalı artmaqdadır. Bundan əlavə, Rusiya qazının Avrpoya çatdırılmasını təmin edən Moskva-Kiyev müqaviləsi bu il başa çatır ki, bu da sözügedən marşrutla nəqli sual altına qoyur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Avropa   Rusiya   qaz  





Xəbər lenti