Zelenski ABŞ-Ukrayna sazişinin taleyindən narahatdır

   Zelenski ABŞ-Ukrayna sazişinin    taleyindən  narahatdır
  16 İyun 2024    Oxunub:1595
Ukrayna prezidenti Volodimir Zelenski sazişdə Vaşinqtonun ABŞ-Ukrayna razılaşmasını ləğv edə bilməsi barədə müddəanın yer almasından ehtiyatlanır.
AzVision.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, təhülkəsizlik üzrə Vaşinqtonun Kiyevlə bağladığı sazişdə onun ləğv edilə bilçməsi barədə kiçik şriftlə yazılmış paraqraf yer alıb.

WP: “Tramp ABŞ-Ukrayna sazişini ləğv edə bilər”
“Tərəflərdən hər biri diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verə bilər ki, bu da 6 aydan sonra qüvvəyə minəcək” , - həmin bənddə deyilir.

Qəzet xatırladır ki, sabiq prezident Donald Tramp 2018-ci ildə məhz belə boşluqdan istifadə edərək İranın nüvə proqramı üzrə “5+1 formatı” çərçivəsində imzalanamış sazişdən ABŞ-ni çıxardı.

- Tramp Ukraynaya nifrət bəslədiyini və ya ABŞ-ni oradakı nəhəng maliyyə öhdəliklərindən azad etmək istəyini gizlətmir. Bunun əvəzinə o, müharibəni 24 saat ərzində bitirə biləcəyini təkid edir. Bu zaman Trampın Putinə artıq ələ keçirdiyi əraziləri saxlaya biləcəyi barədə vəd verəcəyi də istisna deyil”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Yeri gəlmişkən, noyabrda keçiriləcək seçkilərdə uğur qazanmağa ən real namizəd kimi Donald Tramp növbəti bəyanatı ilə Zelenskinin və onun qərbli tərəfdaşlarının narahatlıqlarının çox ciddi əsası olduğunu təsdiqləyib. O, seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə Ukraynaya dəstəyin miqyasına tənqidi münasibət açıqlayaraq, qalib gələcəyi halda bu məsələni həll edəcəyini vurğulayıb. Donald Tramp xahişləri “heç vaxt tükənməyən” Kiyevə yardımın yolverilməz olduğunu bildirib.

“Zelenski indiyə qədər yaşamış hər bir siyasətçinin satış üzrə ən yaxşı agenti (müvəkkili) ola bilər. Hər dəfə ölkəmizə gələndə buradan 60 milyard dollarla gedir. Cəmi dörd gün əvvəl o, 60 milyardla getdi. Evə gələndən sonra daha 60 milyarda ehtiyacı olduğunu bildirir və bu, heç vaxt bitmir ki, bitmir. Prezident kimi Ağ Evə girməzdən əvvəl bu məsələni həll edəcəyəm. Elə prezident seçilən kimi bunu edəcəyəm”, - Ağ Ev administrasiyasının sabiq və potensial rəhbəri deyib.

Bununla belə, Donlad Tramp 2019-cu ilin sentyabrında Zelenski ilə telefon danışığının qalmaqallı təfərrüatları əsasında ona qarşı ilk impiçment cəhdi zamanı Ukrayna prezidentinin davranışını bəyəndiyini gizlətməyib.

Trampın opponentləri həmin telefon danışığında Zelenskiyə təzyiq yolu ilə Barak Obamanın hakimiyyəti dövründə (2008-2016) vitse-prezident olmuş Co Baydenə qarşı ifşaedici məlumatlar almağa cəhd göstərdiyini iddia edirdilər. Həmin vaxt Ukrayna prezidenti Tramp tərəfindən heç bir təzyiqlə üzləşmədiyini bildirdi.

Ukrayna mediası, öz növbəsində, Volodomir Zelenskinin ABŞ-a sonuncu dəfə 2023-cü ilin dekabrında gəldiyinə və Ukraynaya 61 milyard dollar həcmində yardımın “dörd gün əvvəl” yox, yalnız bir dəfə - milli təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsinə dair daha geniş layihə çərçivəsində bu il aprelin 24-də ayrıldığın yazıb. Eyni zamanda, ABŞ-nin Cənub sərhədi ilə bağlı mübahisələrə görə Konqresin Ukrayna üçün zəruri olan bu yardımın təsdiqlənməsini aylarla ləngitdiyi irad tutulub. Tramp isə nəhayət ki, qəbul edilən qərarı və Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Consonu dəstəklədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ  





Xəbər lenti