Pandemiya vaxtı Pentaqon Çinə qarşı gizli kampaniya aparıb

   Pandemiya vaxtı    Pentaqon Çinə qarşı gizli kampaniya     aparıb
  16 İyun 2024    Oxunub:1545
COVİD-19 pandemiyasının ən qaızğın vaxtında amerikalı hərbçilər Çinin “Sinovac” peyvəndini gözdən salmaq üçün xüsusi gizli proqram həyata keçiriblər.
AzVision.az xəbər verir ki, əməliyyatla tanış olan keçmiş ABŞ hərbi rəsmilərinin ötürdüyü məlumatlara istinad edən “Reuters” agentliyi Filippində fəaliyyət göstərən bu proqramın COVİD-19 pandemiyasında məhz ABŞ-ni günahlandıran Pekini cəzalandırmaq məqsədi güddüyünü yazıb.

Proqramın Filippində keçirilməsini şərtləndirən əsas amil isə, bəzi mənbələrə görə, bu ölkənin koronavirusdan xüsusilə ağır zərbə alması olub. “Reuters”in araşdırması ABŞ-nin apardığı kampaniyanın xaos və Çindən gələn vaksinlərin, habelə digər həyati vacib yardımların təhlükəsizliyinə şübhə yaratmaq məqsədi daşıdığını üzə çıxarıb.

Tibbi maskalardan tutmuş sınaq peyvənd dəstlərinə qədər Çin istehsalı olan vasitələrin keyfiyyətini tənqid etmək üçün saxta onlayn hesablar yaradılıb. Proqram haqqında danışan hərbçilərin təsvirinə uyğun gələn ən azı 300 hesab müəyyən edilib. Demək olar ki, hamısı 2020-ci ilin yayında yaradılan bu hesablar “Çin virusdur!” şüarının yayımlanmasına həsr olunub.

“COVİD Çindən gəlib, peyvənd də Çindən gəlib, Çinə inanma!”, “Peyvənd saxtadır, amma koronavirus realdır”, - agentlik həmin akkauntlardakı yazılardan misal gətirir.

Pentaqonun bu qəbildən olan səyləri daha sonra Cənub-Şərqi Asiyadan kənara çıxaraq Mərkəzi Asiyaya, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstana, habelə Yaxın Şərqə yetişib. Yalnız 2021-ci ilin ortalarında xitam verilən proqram çərçivəsində Pentaqon hər yerdə eyni sxem üzrə hərəkət edib: Çin peyvəndləri ilə bağlı qorxu yaratmaq üçün sosial şəbəkələrdə saxta hesablar yaradılıb.

Eyni zamanda, təbliğat kampaniyası yerli auditoriyaya uyğunlaşdırılıb. Məsələn, müsəlman ölkələrində peyvəndlərin tərkibində bəzən donuz əti jelatini olduğu və buna görə də Çin peyvəndlərinin İslam qanunlarına görə qadağan edilmiş sayıla biləcəyi barədə mübahisəli iddilara yer verilib.

“Reuters” qeyd edir ki, yalnız digər istehsalçıların da vaksinlərinə ziyan vurulduğu aydınlaşdıqdan sonra bu kampaniya dayandırılıb. Agentliyin əlaqə saxladığı ABŞ-nin Müdafiə nazirliyinin yüksək rütbəli rəsmisi Pentaqonun inkişaf etməkdə olan ölkələrdə Çin peyvəndini pisləməyə yönəlmiş gizli təbliğat aparıdğını etiraf etsə də, məsələnin təfərrüatları barədə danşımaqdan boyun qaçırıb.

Bu məqamlar milyonlarla insanın həyatına son qoymuş COVİD-19 virusunun yayılmasında və ona qarşı mübarizənin əngəllənməsində kimlərin və hansı ölkələrin maraqlı olması barədə hələ çox gizli təfərrüatların aşkarlanacağından xəbər verir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: COVİD-19   Pentaqon   Çin  





Xəbər lenti