Handelsblatt: “Rusiyanın şantaj niyyətindən Merkelin xəbəri olub”

   Handelsblatt: “Rusiyanın    şantaj niyyətindən    Merkelin xəbəri olub”
  07 İyun 2024    Oxunub:2166
Almaniyanın keçmiş kansleri Angela Merkel 2021-ci ilin sonunda istefa verməzdən əvvəl Rusiyanın Avropaya qaz tədarükünü məhdudlaşdırmaq niyyətindən xəbərdar olsa da, bu məlumatı gizlədib.
AzVision.az xəbər verir ki, “Şimal axını-2” qaz kəməri barədə qapalı sənədlərə çıxış alan Almaniyanın “Handelsblatt” qəzeti belə məlumat yayıb.

Dərc olunan materialda Almaniya hökumətinin Rusiyanı şantajda şübhəli bildiyi vurğulanır. Ölkənin İqtisadiyyat nazirliyinin 2021-ci il avqust tarixli notasında deyilir ki, Almaniya hökumətinin zəruri olan sertifikatlaşdırma prosedurunu həyata keçirməsinə qədər şantaj yolu ilə qaz qıtlığı yaradan Rusiya hakimiyyəti, “Şimal axını-2” layihəsini vaxtından tez işə salmağa məcbur edə bilər.

Sənəddə vurğulanır ki, Rusiyanın davranışı “dramatik nəticələr verə bilər” və qaz anbarlarının doldurulması “çox ləng gedir”. Bu qənaəti şərtləndirən əsas amil isə 2021-ci ilin iyul ayına qədər Rusiyanın “Qazprom” inhisarçı şirkətinə məxsus anbarların yalnız yarısının dolu olması idi.

“Handelsblatt”ın iddiasına görə, nota ovaxtkı iqtisadiyyat naziri və Merkelin yaxın müttəfiqi Peter Altmayerə göndərilib və o, bu barədə hökuməti məlumatlandırıb. Lakin 2021-ci ilin oktyabrında Merkel qəzetin jurnalistinin suallarını cavablandırarkən Rusiyanın Avropaya qaz tədarükünü azaltdığına dair heç bir əlamət görmədiyini bildirib.

Əslində, Rusiyadan ucuz qiymətlərə alınan təbii qazın Avropanın lokomotivi sayılan Almaniya iqtisadiyyatı üçün əhəmiyyətini yaxşı anlayan Angela Merkel pərdəarxası oyunlar çərçivəsində Moskvanın maraqlarına zidd olan alternativ layihələrin reallaşmasına həqiqətən də ciddi maneələr yaradırdı. Eks-kansler bu minvalla Almaniyanın Moskvadan xüsusi preferensiyalar əldə etməsinə çalışırdı. “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərləri həm Rusiya, həm də Almaniya iqtisadiyyatı üçün böyük dividendlər gətirən layihələr olduğu üçün, Merkelin bütün “xəbərdarlıq”lara etinaszı yanaşması məntiqi baxımdan tam başa düşüləndir.

2022-ci il sentyabrın sonunda “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində silsilə partlayışlardan, habelə ənənəvi enerjidaşıyıcılarının Rusiyadan alınmasına qadağa qoyulduqdan sonra Almaniya və ümumilikdə Avropa iqtisadiyyatının üzləşdiyi çətinliklər Angela Merkelin Moskva ilə pərdəarxası sövdələşmələrinin hansı məntiqə söykəndiyinə aydınlıq gətirir.

Haızrda böyük fəxarətlə Rusiyanın enerji asılılığından azd olduqlarını bəyan edən Almaniya və Avropa İttifaqının əksər ölkələri indi həmin enerji reurslarını üçüncü ölkələr vasitəsi ilə daha baha qiymətə almaqla özlərini aldatmaqla məşğudurlar. Bu oyunların ssenari müəllifi Vaşinqton isə özünün “demokratiya” molekulu ilə zənginləşdirilmiş maye qazını Rusiya qazından 2-3 qat baha qiymətə Avropaya satır. Amma qiymət konyukturasından asılı olaraq maye qazın Asiya ölkələrinə tədarük həcmini artıraraq Avropaya öz başının çarəsini qılmağı məsləhət görür. Halbuki Avropa ölkələri qarşısında Rusiya qazından imtina etmək tələbini qoyanda maye qaz təchizatı iloə bağlı onlara gen-bol vədlər vermişdi.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Merkel   Rusiya  





Xəbər lenti