Avropada Viktor Orbanı “cəzalandırmaq” istəyənlər var

    Avropada Viktor Orbanı “cəzalandırmaq” istəyənlər var
  30 May 2024    Oxunub:1007
Avropa İttifaqına (Aİ) üzv olan bəzi dövlətlərin liderləri Macarıstanın baş naziri Viktor Orbanı Ukrayna ilə bağlı tutduğu mövqeyə görə “cəzalandırmaq” niyyətindədirlər. Bunun üçün onlar macarlara Avropa Komissiyasının (AK) gələcək tərkibində daha az nüfuza malik olan mövqelər verməyi planlaşdırırlar.
Orban: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
AzVision.az xəbər verir ki, özünün diplomatik dairələrdəki mənbələrinə istinad edən Avropanın “Politico” qəzeti belə məlumat yayıb.

Qəzetin həmsöhbətlərindən birinin dediyinə görə, Aİ-nin Macarıstan nümayəndələri üçün AK-də hər hansı mühüm postun saxlanılmasından “söhbət gedə bilməyəcəyi” nəzərdə tutulur. Xüsusilə, Orbanın tənqidçiləri macar diplomat Olivier Varhelinin Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı vəzifəsinə yenidən təyin olunmasının qarşısını almağa hazırlaşırlar. Mənbə vurğulayıb ki, eyni zamanda, onlar üçün arzuolunmaz variant hər hansı digər macarı göstərilən vəzifəyə təyin etmək olardı.

Nəşrin məlumatına görə, Macarıstanın AK-də təmsilçiliyinin azaldılmasını müdafiə edən avropalı siyasətçilərin sırasına onun hazırkı rəhbəri, Orban tərəfindən dəfələrlə tənqid edilən Ursula fon der Lyayen də daxildir.

Xatırladaq ki, bir həftə əvvəl Orban Qərb ölkələrinin öz qoşunlarını Ukraynaya göndərməkdən və Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün istifadə oluna biləcək silahları ona ötürməkdən çəkinəcəklərinə ümid etdiyini bildirib. Bundan əlavə, Macarıstan əvvəllər dəfələrlə Aİ xətti ilə Kiyevə hərbi yardım tranşlarının ayrılmasına mane olub.

Həmidə İbrahimova
Sahil İsgəndərov
AzVision.az



Teqlər:  





Xəbər lenti