Ukraynanın NATO-ya üzv olması tələbi qoyulmamalıdır
Xüsusilə ABŞ və Almaniya Ukraynanın NATO-ya qəbul olunması vaxtının dəqiqləşdirilməsinin və bu prosedurun sürətləndirilməsinin əleyhinə çıxırlar. Eyni zamanda, Böyük Britaniya, Litva və Fransa alyansın bu ilin iyulunda baş tuitacaq sammitinin yekun sənədində hansısa formada “dəvət” sözünün ehtiva olunmasında israrlıdırlar.
“The Telegraph” yazır ki, müttəfiqlərin gəldiyi razılığa əsasən, iyul sammitində bu prosesə dəstək əlaməti kimi Ukraynanın NATO-ya daxil olması üçün yol xəritəsi təsdiqlənəcək.
“Bu dəvət deyil, lakin buna ən yaxın addımdır”, - adı açıqlanmayan diplomatlardan biri deyib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 30-da Volodimir Zelenski Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya daxil olması üçün ərizə verildiyini açıqlayıb. 2023-cü ilin iyulunda isə Vilnüsdə keçirilən NATO sammitində alyans üzvləri yalnız Ukraynanın üzvlüyünü sadələşdirməyə razılaşıblar. Maraqlıdır ki, təşkilatın baş katibi Yens Stoltenberq Vaşinqtonda keçiriləcək sammitdə üzvlüklə bağlı heç bir razılaşma əldə olunmayacağını əvvəlcədən elan etmişdi. Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bütün oynulara və bürokratik süründürməçiliklərə baxmayaraq, Stoltenberq alyansın Kiyevə uzunmüddətli yardım göstərməsini təkid edir.
Sahil İsgəndərov
AzVision.az