Mərkəzi Banka yeni təyinatlar oldu

   Mərkəzi Banka yeni təyinatlar oldu
  27 May 2024    Oxunub:1354
Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.
AzVision.az quruma istinadən xəbər verir ki, bu, Vüsal Xəlilovdur. Bununla da, AMB-nin baş direktorlarının sayı 10-a çatıb. V.Xəlilov 1987-cı ildə Şəkidə anadan olub, 2008-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib, 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramına daxil olub, 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya”, 2021-ci ildə isə Harvard Business School-un “Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqdisadiyyat” istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə edib, həmçinin 2014-cü ildə "Oracle" şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatına da yiyələnib, 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində “Tətbiqi Psixologiya” ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.

O, əmək fəaliyyətinə 2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis kimi başlayıb, 2010-2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb, 2011-2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri olub, 2018-2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri işləyib, 2021-ci ilin yanvar ayından indiyə qədər Bankın Texnologiya blokunun baş direktoru vəzifəsini icra edib. Evlidir, üç övladı var.

Bundan başqa, Akif Bağırov AMB sədrinin müşaviri təyin edilib. Bununla da, müşavirlərin sayı 3-ə çatıb. A.Bağırov 1988-ci ildə Bakıda anadan olub, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2014-cü ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib.

O, əmək fəaliyyətinə 2011-ci ilin fevral ayından “Dəmir Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Dəstəkləmə və müşayiət şöbəsinin Beynəlxalq və kommunal ödəniş bölməsinin I dərəcəli proqramçısı vəzifəsi ilə başlayıb, 2014-cü ilin dekabr ayına qədər Bankın İnformasiya Texnologiyaları departamentinin HELP DESK bölməsində 1-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələrində işləyib.

2014-2017-ci illərdə “Express Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək bölməsinin mütəxəssisi, 2017-2021-ci illərdə “PAŞA Bank” ASC-də Məlumat təhlükəsizliyi xidmətləri şöbəsində kiçik analitik, mütəxəssis olub, 2021-2023-cü illərdə Bankın Təhlükəsizlik blokunun Məlumat təhlükəsizliyi xidmətləri şöbəsinin rəhbəri vəzifəsini icra edib, 2023-cü ilin oktyabr ayından indiyə qədər AMB sədrinin ofisi şöbəsində məsləhətçi olub. Evlidir, bir övladı var.

AzVision.az



Teqlər:





Xəbər lenti