XRİTDX əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

XRİTDX əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər
  23 May 2024    Oxunub:587
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri İslam Ölkələri CERT Mərkəzlərinin Beynəlxalq Təşkilatı – OİC-CERT-in idarə heyətinin Misirin Qahirə şəhərində keçirilən növbəti iclasında iştirak ediblər.
Dövlət Xidmətindən AzVision.az -a bildirilib ki, idarə heyətinin iclasında təşkilatın cari il fəaliyyət planı üzrə görülən işləri müzakirə olunub, ölkəmizin (CERT.gov.az) cavabdeh olduğu təşkilatın 4-cü strateji istiqaməti olan “Texnika və texnologiya” sahəsi üzrə görülən işlər barədə məlumat verilib.

Təşkilatın 15-ci yekun konfransı və toplantısının yerli üzv ölkələr tərəfindən verilən təklifləri dəyərləndirildikdən sonra Özbəkistanın Daşkənd şəhəri seçilib.

Tədbirdə iştirak edən XRİTDX-nın idarə rəisi Tural Məmmədov keçirilən iclas zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Kiber Diplomatiya üzrə Beynəlxalq Konfrans barədə də ətraflı məlmat verib. Azərbaycanın bu təşəbbüsü və tədbirə dəvəti idarə heyəti tərəfindən yüksək qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, XRİTDX OİC-CERT təşkilatının idarə heyətində ölkəmizi 8 ildir təmsil edir. XRİTDX əməkdaşları, həmçinin Qahirə şəhərində Misirin Ali Kibertəhlükəsizlik Şurası tərəfindən təşkil olunan “Rəqəmsal transformasiya və Kibertəhlükəsizlik Beynəlxalq Sammiti”ndə də iştirak ediblər.

Sammit çərçivəsində XRİTDX-nın idarə rəisi Tural Məmmədov “İKT və Rəqəmsal həllərin istifadəsi zamanı kibertəhlükəsizliyin və etibarın təmin edilməsi” mövzusunda panel müzakirələrində məruzəçi qismində çıxış edib, rəqəmsal transformasiyanın informasiya təhlükəsizliyi strategiyalarına təsirindən, kibertəhlükəsizlik üzrə kadr çatışmazlığı probleminin həlli üçün kadr potensialının sürətli artırılmasında dünya təcrübəsində istifadə olunan metod və yollardan danışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti