Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır -    VİDEO
  23 May 2024    Oxunub:711
Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.
Nazirlik Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılıb.

Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.



AzVision.az


Teqlər:





Xəbər lenti