İstehlak kreditləri artıb

   İstehlak kreditləri artıb
  18 May 2024    Oxunub:1501
Bank sektorunun kredit risklərinin səviyyəsində azalma müşahidə edilir.
Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü il ərzində qeyri-işlək portfelin həcmi 16.5% (121 mln. manat) azalaraq 0.6 mlrd. təşkil edib. Qeyri-işlək portfelin (QİK) cəmi portfeldə payı isə 1.1 faiz bəndi azalaraq 2.6% olub. QİK portfelində azalmanın əsas səbəbi ödəmə qabiliyyətini itirmiş iki bankın sistemdən kənarlaşdırılması və problemli kreditlərin balansdan silinməsi ilə əlaqədar olub. Hesabat ili ərzində bank sektoru üzrə 125 mln. manat məbləğində silinmə baş verib.

QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. Belə ki, 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.5 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enib.

Vurğulanıb ki, biznes portfeli üzrə qeyri-işlək kreditlər azalmaqda davam edir. Ötən il ərzində biznes portfeli üzrə QİK-nin həcmi 25% azalaraq 378 mln. manat təşkil edib. Dövr ərzində biznes kreditləri üzrə QİK əmsalı isə 1.7 f.b. azalaraq 3% olub. Biznes kreditləri üzrə QİK-nin azalmasının əsas səbəbi ödəmə qabiliyyətini itirmiş 2 bankın sistemdən kənarlaşdırılması və silinmələr ilə bağlıdır.

2023-cü il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 6% (12 mln. manat) artaraq 197 mln. manat olub. Buna baxmayaraq, istehlak kreditlərinin artım tempi QİK üzrə artım tempini üstələdiyindən QİK əmsalı 0.4 f.b. azalaraq 2.8%-ə enib. Qeyd edək ki, istehlak və ipoteka portfelinin 47%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilib.

AMB həmçinin əlavə edib ki, ipoteka portfeli üzrə qeyri-işlək kreditlərin həcmində azalma trendi davam edir. 2023-cü il ərzində ipoteka portfeli üzrə QİK-nin həcmi 8.3% (3.6 mln. manat) azalaraq 39 mln. manat təşkil edib. Nəticədə, qeyri-işlək kreditlərin portfeldə payı 0.3 f.b azalaraq 1.1% olub. İpoteka portfelinin 56%-ni (2 mlrd. manat) təşkil edən AİKZF-in vəsaitləri hesabına verilmiş kreditlər üzrə isə QİK əmsalı cəmi 0.3% təşkil edib.

Həmçinin, restrukturizasiya portfeli üzrə yeni prudensial çərçivənin tətbiqi restrukturizasiya portfeli üzrə risklərə azaldıcı təsir göstərib. Ötən ildən etibarən kreditlərin təkrar restrukturizasiyasına daha sərt ehtiyatlanma tələbləri müəyyən edilib (hər növbəti restrukturizasiya aktivin daha riskli təsnifat kateqoriyasına aid edilməsi və daha yüksək ehtiyatların yaradılması tələbi). Yeni prudensial çərçivənin tətbiqi nəticəsində 2023-cü il ərzində restrukturizasiya olunmuş portfelin həcmi 27% (0.3 mlrd. manat) azalaraq 0.83 mlrd. manata enib. Azalma əsasən biznes portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə müşahidə edilmişdir (244 mln. manat). Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş 2 bankın sistemdən kənarlaşdırılması da portfelə azaldıcı təsir göstərib.


Teqlər:





Xəbər lenti