Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif edib

Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif edib
  17 May 2024    Oxunub:979
Mayın 17-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.
Görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatlarının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyən sədr məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işləri, Məhkəmə-Hüquq Şurasının fəaliyyətini, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələri, gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsini dilə gətirib, o cümlədən ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu vurğulayıb.

Anar Bağırov hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini dilə gətirib, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.

Prezidentin 13 may 2024 tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfəri ARVK-nın üzvü olduğunu söyləyən sədr bildirib ki, bu, çox yüksək göstəricidir. Eyni zamanda göstəricilərə əsasən hazırda vəkillik digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrilib.

Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü - Vəliyeva Ayşən Umud qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, İsmayılov Roman İsmayıl oğlu Füzuli Hərbi Məhkəməsinə, Məmmədli Samirə Məhəmməd qızı Sabunçu Rayon Məhkəməsinə, Seyidov Mirsadiq Mirsəttar oğlu Yasamal Rayon Məhkəməsinə, Kərimova Firuzə Şahin qızı Abşeron Rayon Məhkəməsinə, Abdullayev Ziya Yaşar oğlu Bərdə Rayon Məhkəməsinə, Abbasova Ellara Həsən qızı Masallı Rayon Məhkəməsinə və Vəliyev Osman Akif oğlu isə Cəlilabad Rayon Məhkəməsinə Prezidentin 13 may 2024 tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti