Akademiya üçün hesabat - Kafkanın ad gününə
Atasının istəyinə uyğun olaraq hüquq təhsili alan Kafka xəstəliyinə görə təqaüdə çıxana qədər sığorta şirkətində çalışıb. Yazıçı 3 dəfə nişanlansa da heç vaxt evlənməyib.
Kafka ölümünə yaxın dostu Maks Broda məktub yazaraq yazdığı bütün əsərlərin ölümündən sonra yandırılmasını xahiş etsə də Maks buna əməl etmir. Vərəmdən əziyyət çəkən yazıçı 1924-cü il iyunun 3-ü dünyasını dəyişir.
Akademiya üçün hesabat
Frans Kafka
Siz mənə həyatımın meymun olduğum dövrü haqqında akademiya üçün hesabat yazmağı təklif etməklə çox böyük hörmət göstərmiş olmusunuz . Təəssüf ki, sizin xahişinizi yerinə yetirə bilmirəm. Artıq beş ildir ki, meymun əslimdən ayrılmışam: Ədəbiyyat baxımından nəzərdən keçirsək bu çox qısa bir müddətdir. Lakin mənim üçün bu son dərəcə uzun çəkmişdir; Bəxtim gətirsə də və öz yolumda məsləhət və alqışlara xəsislik etməyən çox gözəl insanlara rast gəlsəm də irəliyə doğru orkestrin sadaları altında hərəkət etsəm də mən əslində həmişə tənha olmuşam; mənə kömək edən adamlar təşbihlə desək, divarın o tərəfində qalıblar. Mən keçmişimdən, gənclik xatirələrimdən inadla yapışıb qalsaydım, heç bir zaman uğur qazana bilməzdim.
Məhz inadcıl olmamaq bu məsələdə yerinə yetirməli olduğum əsas tələb olmuşdur. Və mən, azadlıq övladı hər cür əsarətə boyun əyirdim. Buna görə də xatirələrim gündən – günə solğunlaşırdı. Öncələr adamlar bunu istəsəydilər, mən hələ asanlıqla əvvəlki həyatıma qayıda bilərdim – oraya gedən yolun qapısı taybatay açıq idi, lakin mən mədəniləşdikcə bu qapı get – gedə alçalır və daralır, mən özümü adamların dünyasında daha yaxşı və daha inamlı hiss edirdim; məni keçmişimdən qoparmış tufan çoxdan yatmışdır, məndə indi yalnız dabanlarımı yüngülcə qıdıqlayan yüngül bir yel qalıb, bu yelin keçib gəldiyi və bir vaxtlar mənim də keçdiyim dəliksə lap balacalaşıb; əgər oraya gedib çıxmaq üçün qüvvə və iradəm çatsaydı belə, oradan dərimi cırmadan keçib gedə bilməzdim. Hər şeyi öz adı ilə çağırsaq – əslində belə hallarda məcazla danışmağa üstünlük verilir, – hər şeyi öz adı ilə çağırsaq, bəyan edərdim ki, cənablar , sizin meymun zatınız əgər mövcuddursa, mənim kimi dərində gizlənmişdir. Meymun keçmişimizin küləyi də balaca şimpanzedən tutmuş böyük Axillesə qədər bütün ölənlərin dabanını qıdıqlayır.
Hər halda, cənablar, mən Akademiyanın verdiyi suala qismən cavab verə bilərəm və bunu böyük məmnuniyyətlə edirəm. Öyrəndiyim ilk şey əl tutuşdurmaq olub, – əl tutuşdurmaq səmimilik əlamətidir . Qoy bu gün şöhrətin zirvəsində durduğum bir gündə ötən zamanlardakı əl tutuşdurmalarıma indiki səmimi sözlərim əlavə olunsun. Doğrudur, Akademiya bundan prinsipcə heç bir yeni şey əldə etməyəcək, bu hörmətli cənablar, sizin məndən eşitmək istədiyinizdən çox uzaqdır və mən nə qədər çalışsam da, sizin itəyinizi yerinə yetirə bilməyəcəm, ancaq buna baxmayaraq, mənim hesabatım əvvəlki meymunun insan birliyinə daxil olmağına və burada kök salmağına kömək etmiş əsas xətti göstərəcəkdir. Təbii ki, özümə bu qədər inanmasaydım və mədəni dünyanın bütün iri varyetelərinin səhnələrində həqiqi mənada belə möhkəm mövqe tutmasaydım, etdiyim bu kiçik etirafları etməyə bilərdim. Mən Qızıl Sahildə doğulmuşam … Necə tutulmağımı yalnız başqalarının sözündən bilirəm . “ Hagembek” firmasının – yeri gəlmişkən,bu firmanın başçısı ilə bir xeyli qırmızı şərab şüşələri boşaltmışam – xüsusi ekspedisiyalarından biri sahildəki kolluqlarda yerləşibmiş, su içməyə gələn meymunların içində mən də varmışam. Atəş açılır; mən güllə dəyən yeganəsi oluram; məni iki dəfə yaralayıblarmış. Yanağıma dəyən güllə yarası yüngül oldu, bu yaradan böyük bir qırmızı çapıq qaldı, buna görə mənə iyrənc, heç nəyə bənzəməyən “ Qırmızı Peter “ ləqəbini verdilər – həqiqətən meymun uydurmasıdır. Belə düşünmək olar ki, guya mən bu yaxınlarda gəbərmiş , yalnız üzündəki qırmızı çapıqla məşhur olan təlimləndirilmiş Peter adlı meymundan fərqlənmirəm. Mən bu barədə söz gəlişi danışdım . İkinci atəş budumdan bir az aşağını yaraladı. Bu, ağır yara idi – mən hələ də bir az axsayıram. Bu yaxınlarda mənim barəmdə boşboğazlıq edən minlərlə qəzet cızma – qaraçılarından birinin qələmindən çıxmış məqalədə aşağıdakıları oxudum: mənim meymun zatım hələ də özünü göstərməkdədir; bunu o fakt sübut edir ki, mən bədənimdəki güllə yarasını göstərmək üçün camaatın qarşısında xüsusi bir məmnuniyyətlə şalvarımı çıxarıram. Bunu yazanın əli qurusun! Bəli, mən istədiyim adamın qarşısında sakitcə şalvarımı soyuna bilərəm, mənə baxanlar yaxşı qulluq edilmiş meymun dərisindən və həmin o həyasız atəşdən sonra qalmış çapıqdan başqa heç nə görməyəcəklər. Mən bu sözü konkret hal üçün işlətdim, ancaq istəmirəm ki, məni yanlış başa düşsünlər – bu həyasız atəşin çapığıdır . Mənim hər şeyim göz qabağındadır, gizlətməli bir şeyim yoxdur və ümumiyyətlə, həqiqətin üzə çıxarılması üçün geniş dünyagörüşlü hər hansı bir düşünən məxluqun nəzakət qaydalarından kənara çıxmağa ixtiyarı var . Əlbəttə, camaatın qarşısında bayaq haqqında danışdığım cızma – qaraçı soyunsaydı, tamam başqa bir mənzərənin şahidi olardıq; məncə, o, bunu sağlam düşüncəyə malik olduğundan etmir. Onda qoy heç olmasa əxlaq dərsləri ilə zəhləmizi tökməsin!
Yaralandıqdan sonra özümə gəlib gördüm ki, “ Hagenbek “ firması gəmisinin orta göyərtəsindəki qəfəsdəyəm – mənim şəxsi xatirələrim tədriclə bu vaxtdan başlanır. Salındığım qəfəs o qədər də adi qəfəs deyilmiş: üç qəfəsli divar qutu taxtası ilə örülmüş, dördüncü divar isə taxtadan idi. Bu qurğu elə alçaq idi ki, burada dik durmaq və elə dar idi ki, oturmaq mümkün deyildi. Mən ayaqlarımı qatlayıb çömələrək oturmalı oldum; dizlərim aramsız titrəyirdi; görünür o günlər mən heç kimi görmək istəmir, tənhalıqda qalmağa üstünlük verirmişəm ; buna görə də mən qəfəsin taxta divarına gözümü dikərək otururdum və dəmir millər belimə işləyirdi. Vəhşi heyvanların bilavasitə tutulmasından sonra təsvir etdiyim üsulla saxlanılması ən yaxşı saxlanma üsulu hesab olunur; öz təcrübəmdən çıxış edərək insani nöqteyi – nəzərdən bunun elə – belə də olduğunu inkar edə bilmərəm. Ancaq o zaman mən bu barədə düşünmürdüm. Ömrümdə ilk dəfə mənim çıxış yolum, hər halda, birbaşa çıxış yolum qalmamışdı; qarşımda taxtaları bir – birinə kip geydirilmiş yeşik divarı var idi. Doğrudur , mən tezliklə divarda bir deşik tapdım və o zamankı ağılsızlığım səbəbindən bu tapıntımı sevincli bir ingilti ilə qeyd etdim ; lakin bu dəlik o qədər balaca idi ki, oraya heç quyruğumu da soxa bilməzdim və mənim bütün meymun qüvvəm bu dəliyi genişləndirməyə qadir deyildi.
Sonradan mənə məlumat verildiyinə görə, mən o zaman heyranedici dərəcədə az hay – küy salmışam; bundan belə bir nəticəyə gəliblərmiş ki, mən ya tezliklə öləcək, ya da böhran dövrünü yaşaya bilsəm, asanlıqla əhliləşəcəyəm . Məlum olduğu kimi, mən bu dövrü yaşadım … Mənim yeni həyatım əvvəlcə ondan ibarət idi ki, əzabla üz – gözümü turşudaraq kədərlə zingildəyirdim, birə axatarırdım, yorğun – yorğun kokos qozlarını yalayırdım, başımı taxta divara vurur və bir kimsə mənə yaxınlaşanda dişlərimi qıcıdırdım. Ancaq nə eləsəm də bir duyğu mənə hakim kəsilmişdi : çıxış yolu nədir! Təbii ki, o zamankı meymun təəssüratlarımı indi yalnız insan dili və deməli qeyri – dəqiq çatdıra bilərəm. İndi mən özüm də əvvəlki meymun həqiqətimi dərk etmək iqtidarında deyiləm, lakin hər halda, hardasa ona yaxınam; buna şübhə etməmək olar. O vaxta qədər mənim nə qədər istəsəniz çıxış yolum vardı və qəflətən bircə dənə də çıxış yolum qalmadı. Mən çıxılmaz vəziyyətə düşmüşdüm . Məni elə yerə salmışdılar ki, divara mıxlasaydılar, vəziyyətim bundan pis ola bilməzdi. Axı, nəyə görə? Ayaq barmaqlarını qan çıxanacan didişdirsən də bir şey başa düşməzsən. İki parça oluncaya qədər çiynini divara çırpsan da bir şey başa düşməzsən . Çıxış yolu yox idi , ancaq mən onu tapmalı idim , çünki bunsuz yaşaya bilmirdim . Bütün ömrüm boyu taxta divar qarşısında otura bilməzdim , axı ölüm bundan yaxşıdır . Hagenbekə görə isə meymun taxta divar qarşısında oturmalı imiş …
Və mən də meymun olmağın daşını atdım ! Öz qarnımla gəlib çıxdığım aydın və məntiqli nəticəsi belə oldu, çünki meymunlar qarınları ilə düşürdülər. Qorxuram ki, siz mənim işlətdiyim “çıxış yolu“ sözünü düzgün başa düşməyəsiniz. Mən bu söz ilkin və birbaşa mənasında işlədirəm . Mən qəsdən azadlıq haqqında danışmıram. Böyük azadlıq – geniş əhatəli azadlıq duyğusunu mən bir kənara qoyuram. Tamamilə mümkündür ki, meymun olarkən mən bu duyğunu yaşamışam; sonralar mən azadlığa can atan adamlarla rastlaşmışam. Şəxsən mən nə o zaman, nə də indi azadlıq tələb etməmişəm. Yeri gəlmişkən, adamlar əksər hallarda bu sözlə özlərini aldadırlar. azadlığı ən yüksək duyğulara aid edirlər, buna görə də azadlıq haqqında yalanı da yüksək hesab edirlər. Varyete səhnəsindəki çıxışlarımdan öncə lap qübbənin altında trapesiyalarla cüt işləyənləri tez – tez müşahidə edirdim . Onlar yellənir, yuxarı tullanır, bir – birini qucaqlayırdılar. Birisi dişi ilə o birisinin saçlarından tuturdu . “Adamlar da bunu azadlıq adlandırır, – deyə düşünürdüm, – hərəkət azadlığı“. Ana təbiətə qarşı nə böyük təhqir! Meymunlara bu azadlığı göstərsəydilər, onların gülüşlərindən sirkin divarları uçulardı . Xeyr, mən azadlıq istəmirdim. Mən sadəcə olaraq istədiyim yönə, sağa , sola çıxmaq istəyirdim , başqa tələbim yox idi ; qoy tapacağım çıxış yolu yalan olsun . O qədər az şey istəyirdim ki , onun yalanı da bir şey olmazdı . Mən irəli , yalnız irəli hərəkət etməli idim. Yalnız pəncələrimi qaldırıb durmamalı , özümü taxta divara dirənmiş vəziyyətdə hiss etməməli idim .
İndi mən aydın görürəm : çox böyük daxili sakitliyə malik olmasaydım, heç zaman qəfəsdən çıxa bilməzdim . Doğrudan da nəyə nailolmuşamsa, yəqin ki, gəmidə keçirdiyim bir neçə gündən Sonra əldə etdiyim sakitliyə borcluyam . Sakitliyə görə isə mən , öz növbəsində , məni əhatə edən adamlara borcluyam . Heç nəyə baxmayaraq, onlar yaxşı adamlar idilər . Mən hələ də onların ağır yerişlərini, mürgülü şüuruma təsir edən ayaqqabı səslərini həvəslə xatırlayıram. Onlar hər işi ağır görürdülər. Onlardan hansı biri gözünü ovuşdurmaq istəyirdisə, əlini elə qaldırırdı ki , elə bil bu ağır çəki daşıdır . Zarafatları kobud səslnirdi, Ancaq bu səmimi qəlbdən gəlirdi . Onların gülüşləri zəhmli öskürəklə müşayiət olunurdu , lakin bu heç nə demək deyildi . Onlar həmişə tüpürmək istəyirdilər və hara gəldi tüpürürdülər. Həmişə şikayət edirilər ki, mənə görə onları birə basıb . Lakin onlar buna görə heç vaxt ciddi şəkildə acıqlanmırdılar. Adamlar yaxşı başa düşürdülər ki , meymunlarda birə olur və birələr tullanmaqda ustadırlar . Bu şəraitlə istər – istəməz barışmalı olursan . Boş vaxtlarında qəfəsimin qarşısında var – gəl edənlər də olurdu ; onlar sakitcə oturur və dodaqaltı nə isə donquldanır , yaxud yeşiklərin üstündə oturub qəlyan çəkirdilər ; ancaq bir balaca tərpənsəydim , budlarıma vurardılar ; arabir onlar taxtanl götürüb mənim üçün xoş olan yerləri qıdıqlayırdılar . Əgər indi mənə bu gəmidə səyahətə çıxmağı təklif etsəydilər , mən yəqin ki , imtina edərdim , ancaq onu da bilirəm ki , bu gəmi ilə bağlı xatirələrim heç də yalnız xoşagəlməz deyil. Komanda mühitində əldə etdiyim sakitlik hər şeydən öncə mənim hər hansı bir qaçmaq cəhdimin qarşısını aldı . Keçmişə nəzər salıb belə hesab edirəm : mən hələ o zaman hiss edirdim ki , – qoy belə olsun , – yalnız hiss edirdim ki , sağ qalmaq istəyirəm və qaçmaqla buna nail olmaq mümkün deyil . Bilmirəm qaça bilərdimmi , amma düşünürəm ki , bilərdim : bu məsələdə meymun üçün mümkün olmayan şey yoxdur . İndi mənim dişlərim o qədər zəifləyib ki , hətta qoz sındıranda belə ehtiyyatlı tərpənməli oluram , ancaq o zaman gec – tez qəfəsin qıfılını çeynəyə bilərdim . Mən bunu etmədim . Bir də ki , bunun nə xeyri olar bilərdi ? Çıxan kimi məni əvvəlkindən də pis olan bir başqa qəfəsə salacaqdılar . Əgər xəlvətcə keçib başqa məhbusların – məsələn nəhəng ilanların – qəfəsinə girə bilsəydim onların ağuşunda gəbərməiydim . Həmçinin fərz edək ki , mən gizlincə yuxarı göyərtəyə çıxıb suya tullandım ; bir müddət özümü suda saxlaya bilsəm də , sonra bamalı idim . Bütün bunlar ümidsiz cəhdlər olardı . Əlbəttə , o zaman mən hələ insan kimi düşünə bilmirdim , ancaq mühitin təsiri ilə hərəkət edirdim ki , elə bil düşünürəm . Bəli , mən düşünmürdüm , əvəzində qəribə bir soyuqqanlılıqla müşahidə edirdim . Mən görürdüm ki , yanımdan adamlar gəlib keçir , onların üzləri eyni , hərəkətləri eynidir , çox zaman mənə elə gəlirdi ki , bu keçənlərin hamısı bir adamdır ; bu adam – və ya adamlar maneəsiz olaraq hərəkət edirdi . Qarşımda böyük bir məqsəd açılmışdı . Adamlar mənə söz verməlidirlər ki , onlar kimi olsam , zindandan xilas olacağam . Şərtlər qabaqcadan həyata keçirilməz olduqda heç bir şeyi vəd etmək mümkün deyil . Ancaq elə ki , bir şərt yerinə yetirildi , sənə heç nəzərdə tutmadığın halda köhnə tarixlə vədlər verməyə başlayırlar . Aralarında yaşadığım adamların həyatı məni heç də çəkmirdi . Haqqında danışdığım azadlığın tərəfdarı olsaydım , gəmidən suya tullanmağı adamların qaşqabaqlı baxışlarından oxuduğum çıxış yolundan üstün tutardım . Hər halda , mən belə şeylər barədə düşünməyə başlamazdan əvvəl uzun adamları müşahidə etdim və məni müəyyən bir yola məhz müşahidələrim sövq edirdi . Adamları yamsılamaqdan da asan şey yoxdur .
Lap ilk günlərdə mən tüpürməyi öyrəndim . Mən və adamlar bir – birimizin üstünə tüpürməyə başladıq ; fərq yalnız ondan ibarət idi ki , mən üzümü yalaya bilirdim , adamlar isə – yox . Tezliklə mən əməlli – başlı qəlyan çəkməyə başladım . Barmaqlarımla tütünü udmağa başlayan kimi bütün orta göyərtə şadlıq edirdi ; mən uzun müddət yalnız bir şeyi – boş və dolu qəlyan arasındakı fərqi başa düşə bilmirdim . Ancaq hər şeydən çox mənə əzab verən araq oldu ; mən spirt qoxusuna dözə bilmirdim ; arağa öyrəşənə qədər bir çox həftələr keçdi . Qəribə orası idi ki , arağa görə apardığım daxili mübarizəyə adamlar həddindən artıq ciddi – başqa şeylərin hamısından ciddi yanaşırdılar . Hətta indi , keçmişi xatırlayarkən mən ayrı – ayrı adamların üzlərini seçə bilmirəm , yalnız orası yadımdadır ki , günün və gecənin müxtəlif vaxtlarında kimsə tək və ya yoldaşları ilə qəfəsimə yaxınlaşıb mənə dərs verir . Mən onun üçün anlaşılmaz bir məxluq idim və o məni başa düşməyə çalışırdı . Mənim müəllimim şüşənin ağzını yavaş – yavaş açıb ehtiyyatla mənə baxırdı – əmin olmaq istəyirdi ki , mən onu başa düşdüm ; etiraf edirəm ki , mən onun hərəkətlərini nəfəsimi içimə alıb heyranlıqla izləyirdim ; yer üzündə heç bir müəllimin belə şagirdi olmayıb ; o , şüşəni açıb ağzına yaxınlaşdırırdı , mənsə gözümü çəkmədən onun hər bir hərəkətini izləyirdim ; sonra o , başı ilə razılığını bildirərək şüşənin ağzını dodaqlarına gətirirdi ; bu zaman mən hiss edirdim ki , yavaş – yavaş anlamağa başlayıram və sevincimdən zingildəyərək həyəcanla haramı gəldi qaşıyırdım ; müəllimim bundan fərəhlənib birinci qurtumunu içirdi ; mən səbirsizlikdən və dərsi belə çətin əxz elədiyimdən qəfəsin döşəməsini bulayırdım ki , bu da müəllimimə hədsiz ləzzət verirdi ; o , şüşəni bir kənara çəkir , sonra cəld bir hərəkətlə onu dodaqlarına yaxınlaşdırır və başını geri , – əyani olsun deyə , hətta lazım olduğundan da geri – ataraq arağı birnəfəsə içirdi . Keçirdiyim həyəcanın əzabından mən halsız vəziyyətdə qəfəsin millərindən sallanıb qalırdım , o isə kursun nəzəri hissəsini bitirib əlini qarnına sürtür və gülümsəyirdi . Yalnız bundan sonra biz praktiki məşğələlərə başlayırdıq . Ancaq nəzəriyyə məni həddən artıq yormamışdımı ? Bəli , çox yormuşdu . Nə etməli , görünür taleyim beləymiş . Hər halda mən var qüvvəmlə çalışırdım . Müəllimin mənə sarı uzatdığı şüşən tutur , titrəyə – titrəyə onun ağzını açırdım ; bu uğur gücümü artırırdı ; mən şüşəni götürürdüm – mənim işimi müəllimin özünün işindən fərqləndirmək çətin idi – onu dodaqlarıma yaxınlaşdırırdım və … ikrahla kənara tullayırdım , – ikrahla . Baxmayaraq ki , şüşə boş olurdu və ondan yalnız arağın iyi gəlirdi . Uğursuzıuğum müəllimi kədərləndirirdi . Şüşəni tulladıqdan sonra əlimi səylə qarnıma sürtüb gülümsəsəm də , biz bu kədərlə barışırdıq . Mənim məşğələlərim belə keçirdi . Müəllimin mənə heç vaxt hirslənməməsi onun yaxşı adam olduğunu göstərirdi ; doğrudur , o , bəzən yanan qəlyanı o vaxta qədər dərimə sürtürdü ki , dərim söndürməyim çətin olan yerdən yanmağa başlayırdı , onun özü öz iri , meriban əlləri ilə alovu söndürərdi ; müəllimim mənə hirslənmirdi ; o başa düşürdü ki , onunla mənim bir düşmənimiz var – mənim meymun təbiətim və mübarizədə daha ağır yük mənim boynuma düşüb . Ancaq bir görəydiniz biz ümumi qələbəmizə necə sevinirdik ! Bu hadisə günlərin bir günü bir xeyli tamaşaçının iştirakı ilə baş verdi ; çox ehtimal ki , nəyisə bayram edirdilər : göyərtədə qrammofon çaldırırdılar , komandanın arasında bir zabit var – gəl edirdi – və birdən , heç kimin mənə baxmadığ bir vaxtda mən nəzarətsizlkdən qəfəsimin yanında qoyulmuş şüşəni götürdüm – tamaşaçıların marağı artmağa başladı – şüşənin qapağını açdım , qaydalara riayət etməklə onu ağzıma yaxınlaşdırdım və heç bir tərəddüdsüz , hətta üzümü belə turşutmadan əsl içənlər kimi onudibinəcən içdim ; doğrudur , gözlərim hədəqəsindən çıxmışdı , nəfəsim də tutulurdu , sonra mən şüşəni bir qırağa atdım – ümidiniitirmiş uğursuz bir şagird kimi deyil , işinin ustası kimi ; əlimi qarnıma sürtməyi yaddan çıxarsam da , yəqin ki , beynim partladığını hiss etdiyimdən , qarşısıalınmaz bir istəyə tabe olaraq , bərkdən və çox aydın bir səslə “ allo “ qışqırdım – başqa sözlə , aydın bir söz tələffüz etdim və bu nidamın sayəsində birdən – birə öz keçmişimdən insan birliyinə addadım ; bunun cavabında adamlar qışqırırdılar : “ Bir ona baxın , o danışır ! “ – bu sözlər elə bil ki , mənim qan – tər içində olan bədənimi öpürdü . Təkrar edirəm ki , adamları təqlid etmək istəmirdim ; mən yalnız ona görə onları təqlid edirdim ki , çıxış yolu axtarırdım , başqa heç bir səbəbim yox idi . Birinci qələbə mənə o qədər çox şey vermədi . Mən elə o andaca danışıq qabiliyyətimi itirdim və yalnız bir çox aylar keçəndən sonra yenidən danışa bildim , spirtli içkilərə nifrətim isə ikiqat artdı . Hər halda , artıq qarşımda birbaşa yol açılmışdı , özü də həmişəlik . Hamburqda , ilk təlimçimin əlinə düşdükdən sonra başa düşdüm ki , mənim üçün iki imkan var – heyvanat bağı və varyete : Mən bir saniyə də tərəddüd etmədim . Öz – özümə belə dedim : “ Əlindən gələni etməlisən ki , varyetəyə düşəsən , bu , yeganə çıxış yoludurr; heyvanat bağı yeni bir qəfəsdən başqa bir şey deyil . Oraya düşsən , məhv olacaqsan . “ Və burada , cənablar , mən öyrənməyə başladım . Deməyə ehtiyyac yoxdur ki , lazım olanda istəsən də , istəməsən də öyrənməli olursan . Mən mütləq çıxış yolu tapmalıydım və acgözlüklə öyrənməyə başladım . Mən özümə bir dəqiqə də sakitlik vermirdim və mənə mane olan hər şeyi özümdən amansızlıqla qovurdum . Meymun ruhu məndən elə bir qüvvə ilə çıxırdı ki , birinci təlimçim az qala özü meymuna çevriləcəkdi ; təlimləri dayandırmalı , təlimçini isı xstəxanaya göndərməli olduq . Xoşbəxtlikdən o , tezliklə qayıtdı . Mənə çoxlu müəllimlər gərək oldu , bəzən bir neçə pedaqoqun yanında dərs keçirdim . Öz qüvvələrimə inandıqdan , nailiyyətlərim haqqında söz – söhbət geniş yayıldıqdan , parlaq gələcəyimsə artıq qəti sürətdə müəyyənləşdikdən sonra mən özüm özümə müəllim tutmağa başladım , baş – başa düzülmüş beş otağı bir – bir gəzir , durmadan bir otaqdan o birinə keçərək eyni zamanda müəllimlərin hamısından dərs öyrənirdim . Onda necə uğurlarım vardı ! Biliklər işığı hər tərəfdən ayılmaqda olan beynimə daxil olurdu .
Gizlətmək istəmirəm – mən xoşbəxt idim . Eyni zamanda iddia edirəm : nə o vaxt , nə də ki indi öz nailiyyətlərimi həddən artıq yüksək qiymətləndirməmişəm . İndiyə qədər tarixdə görünməmiş iradə cəmləşdirilməsi nəticəsində mən orta avropalı səviyyəsinə çatmışam . Ola bilər ki , bu fakt öz – özlüyündə xüsusi bir diqqətə layiq deyil . Lakin mənim üçün bu faktın böyük əhəmiyyəti var : mən qəfəsdən çıxmış və insan təbiətini qəbul etməkdən ibarət axtardığım çıxış yolunu tapmışam . Çox gözəl bir ifadə var – “kolluqda gizlənmək “ ; mən məhz belə hərəkət etdim , kolluqda gizləndim . Mənim başqa heç bir imkanım yox idi , azadlığa başqa heç cür nail ola bilməzdim . Keçdiyim yola və qarşıma qoyduğum məqsədə retrospektiv nəzər saldıqda mən nə təəssüf , nədə sevinc hissi keçirirəm . Budur , mən oturmuşam , əllərim şalvarımın cibindədir , yırğalanan kürsüdə sərələnib oturmuşam və pəncərəyə baxıram ; qarşımdakı masada şərab şüşəsi var . Yanıma qonaq gəlsə , mən onu gərəyincə qarşılaya bilərəm . Dəhlizdə mənim impressariom əyləşib ; bir şey demək lazım olsa , mən ona zəng çalıram ; o gəlir və məni dinləyir . Demək olar ki , hər axşam mən çıxış edirəm ; mənim səhnə uğurlarım o qədər böyükdür ki , bundan artıq ola bilməz. Gecədən xeyli keçmiş banketdən, Akademiyanın keçirdiyi təntənəli qəbuldan və ya axşam qonaqlığından qayıdanda məni təlim keçmiş balaca dişi meymun – şimpanze gözləyir və onunla bir meymun kimi əylənirəm . Gündüzlər mən onu görmək istəmirəm ; onun gözlərindən bütün təlimləndirilmiş , karıxdırılmış heyvanların baxışlarında olduğu kimi , ağılsızlıq sezilir ; məndən başqa heç kim bunu görmür , mənimsə zəhləm gedir .
Ümumiyyətlə və bütövlükdə mən can atdığıma nail olmuşam . Demək olmaz ki , bütün bunlar əbəs yerə olmuşdur . Qabaqcadan demək istəyirəm ki , adamların fikri məni maraqlandırmır ; mənim məqsədim – geniş məlumat verməkdir : bu hesabatda , hörmətli cənab akademiklər , mən yalnız faktlara əsaslanmışam .
Tərcümə: Mahir Qarayev