Ermənistan Rusiya qarşısında şərtlər qoyur

   Ermənistan    Rusiya qarşısında şərtlər    qoyur
  15 Aprel 2024    Oxunub:1103
Son vaxtlar Moskvanın təsir orbitindən çıxaraq Qərbə tərəf meyllənən İrəvan artıq Rusiya telekanallarının Ermənistanda yayımlanması üçün xüsusi şərtlər irəli sürüb.
AzVision.az xəbər verir ki, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyan Ermənistan ərazisində Rusiya telekanallarının yayımının dayandırılmasına gətirib çıxara biləcək ikitərəfli kütləvi kommunikasiya sazişini İrəvanın ləğv etmək planı olmadığını deyib.

O, qeyd edib ki, heç kim “telekanallarda bu və ya digər simalara şəxsi münasibət” bəhanəsi ilə Ermənistanda Rusiya telekanallarını bağlamaq istəmir. Bununla belə, İrəvan hər iki tərəfdən əməl və nəzarət olunacaq aydın etiket qaydaları yaratmağı təklif edir. Ayrapetyan Ermənistanın ictimai televiziya şəbəkəsində üç Rusiya telekanalının yayımlandığını bildirib. Kütləvi kommunikasiyalar üzrə 2020-ci ildə imzalanmış sazişdə yayımın qarşılıqlılıq prinsipi əsasında həyata keçirilə biləcəyi ehtiva olunub.

Lakin Ayrapetyanın iddiasına görə, texniki imkanları bəhanə gətirən Moskva Ermənistanın İctimai televiziyasının Rusiya ərazisində yayımlana bilmədiyini israr edir. Buna əsasən də, bir nüddət əvvəl erməni nazir danışıqların nəticə vermədiyi təqdirdə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişin birtərəfli qaydada ləğv oluna biləcəyini istisna etməyib. Lakin Ayrapetyan erməni tərəfin dialoqun davam etdirilməsinə sadiq qaldığını vurğulayıb.

Ermənistan və Rusiya nümayəndələri 2020-ci ildə bağlanmış kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş çərçivəsində iki məsləhətləşmə aparıblar. Məqsəd hər iki ölkənin bir-birinin daxili işlərinə müdaxilə və ya dövlət və xalqın ünvanına təhqiramiz verilişləri istisna etməkdir.

Əslində rəsmi Ermənistan hakimiyyətinin narazılığı məhz bu məqamla bağlıdır. Belə ki, Moskvanın əlaltısından Qərbin əlaltısına çevrilməyə çalışan İrəvanın ünvanına Rusiya telekanallarında son vaxtlar çox sərt ittihamlar və hətta təhdidlər səsləndirilrir.

Amma Rusiyanın dövlət kanallarında erməni mənşəli aparıcıların və “ekspert”lərin meydan suladığı verilişlər Azərbaycan və Türkiyə əleyhinə təbliğat meydançasına çevriləndə İrəvan belə vəziyyətdən maksimum dərəcədə yararlanmağa çalışır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti