Britaniyalı ekspert: "Ukrayna ordusu cəbhədə kəskin kadr çatışmazlığı yaşayır"

   Britaniyalı ekspert:    "Ukrayna ordusu cəbhədə kəskin kadr çatışmazlığı yaşayır"
  14 Fevral 2024    Oxunub:1084
Britaniyalı ekspert Aleksandr Merkuris Ukrayna böhranı barədə diqqət çəkən fikirlər səsləndirib.
O, özünün "You Tube" kanalında paylaşdığı videoda qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə kəskin kadr çatışmazlığından əziyyət çəkir.

Ukraynanı "mərmi aclığı" gözləyir - "The Wall Street Journal"
"Ciddi əsgər çatışmazlığı genişmiqyaslı problemdir və bu bütün cəbhə boyu yayılmaqda davam edir", - Merkuris vurğulayıb.

Bundan əlavə, ekspert cəbhəyə yeni gələn ukraynalı əsgərlərin kifayət qədər hazırlıqlı olmaması probleminə də toxunub. Mütəxəssis yeni əsgərlərin əsasən çətin şəraitdə sağ qalma bacarıqlarının olmadığını vurğulayıb. Bu baxımdan, Merkurisin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri münaqişədə ciddi itkilər verir.

Bundan öncə "Forbes" nəşri Ukrayna ordusunun ciddi riskə getməsi barədə məqalə dərc etmişdi. Nəşr yazırdı ki, Ukrayna silahlı qüvvələri rus qoşunlarının Donetskdəki müdafiə xəttini keçməsinin qarşısını almaq üçün bura ən yaxşı briqadalarından birini yerləşdirib.

The Wall Street Journal isə Ukrayna qoşunlarında kəskin silah çatışmazlığının olması barədə yazmışdı. İddia edilir ki, Ukrayna Silahlı Qüvvələrinin atdığı hər mərmiyə on rus mərmisi ilə cavab verilir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Cəbhə   Ekspert  





Xəbər lenti