Gərginlik səngiyir: Kemeron çinli həmkarı ilə görüşəcək

      Gərginlik səngiyir:    Kemeron çinli həmkarı ilə görüşəcək
  14 Fevral 2024    Oxunub:1158
Britaniyanın xarici işlər naziri Devid Kemeron vəzifəyə gəldiyindən bəri ilk dəfə Çin XİN rəhbəri Van Yi ilə görüş keçirəcək.
AzVision.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşün bu həftə sonu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Devid Kemeron xarici işlər naziri vəzifəsinə başlamasından bəri Çinlə əlaqələr kontekstində müəyyən təzyiqlərlə üzləşir. O, çinli həmkarı ilə gözlənilən görüşündə də insan haqları və milli təhlükəsizlik məsələrini qaldırmaqla bağlı çağırışlar alıb.

(Britaniya və Çin XİN rəhbərləri Devid Kemeron və Van Yi)

Çində insan haqları problemi ilə bağlı tənqidi çıxışlarına görə bu ölkə tərəfindən sanksiyaya məruz qalmış İan Dunkan Smit Kemerona məsələ ilə bağlı "tövsiyə verənlər" sırasındadır.

(Mühafizəkarlar Partiyasının 2001-2003-cü illərdə lideri, 2010-2016-ci illərdə əmək və pensiyalar naziri İan Dunkan Smit)

"David Kemeron uyğurların soyqırımı, milli azlıqların qul kimi işlədilməsi, Britaniya vətəndaşı (biznesmen - red.) Cimmi Laya qarşı dəhşətli rəftar (həbs - red.) və məhbuslardan etiraf almaq üçün işgəncədən istifadə məsələsini qaldırmalıdır. Eyni zamanda, Britaniya parlamenti üzvlərinə qoyulmuş sanksiyaların ləğvini tələb etməlidir", - o deyib.

Çin üzrə Parlamentlərarası Alyansın icraçı direktoru Lük de Pulford görüşdə digər məsələrlərlə yanaşı Rusiyanın Ukraynada apardığı müharibəyə Pekinin dəstəyinə toxunulması zərurətini vurğulayıb.

(Çin üzrə Parlamentlərarası Alyansın icraçı direktoru Lük de Pulford)

Xatırladaq ki, Britaniya-Çin münasibətləri Pekinin Honkonqda demokratik azadlıqlara təzyiqi, Sincan Muxtar Rayonunda uyğur icmasının hüquqlarını pozması və Britaniyanın kritik infrastrukturuna müdaxiləsi nəticəsində 2018-ci ildən bəri pisləşib,

Kemeron ötən il dekabrın 5-də Van Yi ilə telefon danışığında "konstruktiv münasibət" yaratmağa razılaşdıqlarını bildirib, eləcə də "X" hesabında:

"Çin maraqlarımıza hörmət göstərdikcə əlaqələrimiz davam edəcək", - vurğulayıb.

İki ölkə arasında münasibətlərin normallaşacağı ehtimalı fonunda həftə sonu Kemeron və Van Yinin görüşünün bu yolda uğurlu keçəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   Çin   XİN   görüş  





Xəbər lenti