Ermənistanın hərbi polisi Azərbaycanla sərhəddəki insidenti araşdırır

   Ermənistanın hərbi polisi Azərbaycanla sərhəddəki insidenti araşdırır
  12 Fevral 2024    Oxunub:1254
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.

“Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

AzVision.az


Teqlər:





Xəbər lenti