Xalq rəssamından Şaumyanın heykəli ilə bağlı :"Şükürlər olsun ki, bunu etməmişəm"

      Xalq rəssamından Şaumyanın heykəli ilə bağlı   :"Şükürlər olsun ki, bunu etməmişəm"
  31 Yanvar 2024    Oxunub:2221
“Xocalıda faciəni əks etdirən böyük memorial kompleks olmalıdır. Ömrümün 25-30 ilini faciəyə həsr olunmuş abidələrin hazırlanmasına həsr etmişəm. Bütün sərgi və ildönümlərində bu heykəllərlə iştirak edirdim. Həmişə birinci yeri tuturdum”.
AzVision.az xəbər verir ki, bunu Xalq rəssamı Xanlar Əhmədov deyib. O bildirib ki, hələ işğaldan öncə də Xocalıda güc-qüdrət rəmzi olan heykəli hazırlamaq istəyirmiş.

“Xocalı aeroportunun sonuncu komendantı Əlif Hacıyevlə şəxsən tanış idim. Biz çalışırdıq ki, Xocalıda qüdrəti və gücü göstərən böyük bir monument qoyaq. Amma ermənilərin soyqırımı, işğal işləri yarımçıq qoydu.

Xocalıya həsr olunmuş 25-30 əl işim var. Əsərlərimin sərgidə yer tutması üçün gecə-gündüz işləmişəm. Əsas mövzum aylı gecə olub. Çünki insanlar Xocalıda aylı gecədə qətlə yetiriliblər.

Vətən müharibəsindən və antiterror əməliyyatından sonra söhbət gedirdi ki, Xocalıda qoyulacaq abidəyə müsabiqə elan olunsun. Amma bəzi jurnalistlər, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan müəllim dedi ki, hazır işlər var, bunu sifariş edib, böyüdüb yerinə qoymaq olar.

Məncə də ağlabatandır. Bu abidələr vaxtın, zamanın imtahanından keçən işlərdir. Rəhmətlik millət vəkilimiz Qənirə Paşayeva Türkiyədə iki aya yaxın Xocalı abidələrini nümayiş etdirdi.

Əl işlərimdən İstiqlal Muzeyinə, Mədəniyyət Nazirliyinə bağışlamışam. Qalan işlər isə emalatxanadadır”.

Rəssam Xankəndidə Stepan Şamuyanın heykəlinin götürülməsi prosesində iştirakından da söz açıb:

“Xankəndidə Şaumyanın heykəli götürüləndə mütəxəssis kimi çağırılmışdım. Orada işçilərə heykəlin götürülmə qaydasını başa salırdım. Heykəlin müəllifi həmyerlimiz Fazil Nəcəfov olub. O vaxt dövlət sifarişi ilə hazırlamışdı.

Orada “Biz və bizim dağlar” heykəlini də gördüm. Onu dəyişmək və ya götürmək olar. Bu barədə bir söz deyə bilmərəm, hər halda dövlət özü qərar verə bilər. Ancaq şükürlər olsun ki, mən ermənilərə həsr olunmuş hansısa abidə hazırlamamışam.

Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Hacı Zeynalabdin Tağıyevin heykəllərini hazırlamaq mənə qismət olub. Vətən müharibəsində sonra isə Şirvanın mərkəzində qoyulan 5 metr hündürlüyündəki “Qalib əsgər” heykəlinin müəllifi olmuşam.

Eskizlər var, gərək sifarişlər olsun. Mövcud komissiya gəlsə, göstərməyə işlərim çoxdur”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti