Qırmızı dənizdən Xəzərə: Böhran Orta Dəhlizə marağı artırır

  Qırmızı dənizdən Xəzərə:  Böhran Orta Dəhlizə marağı artırır
  24 Yanvar 2024    Oxunub:1856
Qırmızı dənizdə husilərin ticarət gəmilərinə hücumu, eyni zamanda ABŞ və Böyük Britaniyanın Yəməndəki husi üsyançılarının hədəflərinə raket və hava zərbələri endirmələri qlobal ticarətə təsirsiz ötüşmür. Bölgədəki böhran artıq iqtisadiyyatın müxtəlif sektorlarından şirkətlərin maliyyə göstəricilərinə mənfi təsir göstərməyə başlayıb. Bəzi şirkətlər mümkün problemlər barədə xəbərdarlıq ediblər. Belə ki, “Tesla” tədarükün kəsilməsi səbəbindən Almaniyadakı zavodunun işini iki həftə, İsveçin “Volvo Car AB” şirkəti isə Belçikada üç gün müddətinə istehsalını dayandırmağı planlaşdırır. Britaniyanın “Tesco”, “Marks & Spencer” və “Next” pərakəndə satış şirkətləri də qiymət artımı risklərinin olacağını açıqlayıblar.
Qlobal ticarət axınının 12%-ə qədəri adətən Qırmızı dənizdən keçir. Hazırda təhlükəsizlik təhdidləri səbəbindən ən azı 2300 gəmi Afrikanın cənub ucunda Ümid burnu vasitəsilə daha uzun marşrut üzrə yönləndirilib. Bu isə Asiya ilə Avropa arasında səyahət müddətini təxminən 10 gün uzadır, nəticədə daşıma və sığorta xərcləri artır.


“Lazard Freres Gestion”un analitiki Tomas Brenierin sözlərinə görə, əgər yaxın bir-iki ay ərzində vəziyyət dəyişməsə, şirkətlər mütləq mənfəət proqnozlarını dəyişəcəklər. Onun fikrincə, ilk olaraq avtomobil sektoru və pərakəndə satış zərər çəkəcək.

“Bloomberg Intelligence” analitiklərinin proqnozlarına görə, konteyner gəmilərinin yükdaşıma tariflərinin artması Böyük Britaniyada və Avrozonada 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində daha sürətli inflyasiyaya səbəb ola bilər.
Yaxın Şərq münaqişəsinin kəskinləşməsi, pandemiya və digər hadisələr qlobal iqtisadiyyatın dünyada baş verənlər proseslərdən getdikcə daha çox asılı olduğunu göstərir. Qırmızı dənizdə üzən gəmilər Avropa və Asiya arasında ticarət edilən malların təxminən 40%-ni daşıyır. Analitiklər qeyd edirlər ki, dekabrın 22-dən yanvarın 12-dək olan dövr ərzində yükün konteynerdə daşınmasının dünya üzrə orta qiyməti artıq iki dəfə artıb.

Bölgədə vəziyyətin gərginləşməsi və qlobal ticarəti təhdid edən amillər bütün diqqətləri hazırda ən təhlükəsiz və etibarlı nəqliyyat marşurutuna- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) yönəldir. Bunu Azərbaycan üzərindən daşınan yüklərin artım dinamikasında da müşahidə edirik.


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınan yüklərin həcmi 9 milyon 11 min ton olub və əvvəlki ilə nisbətən 20 faiz yüksəlib. Məlumata görə, dəniz limanları tərəfindən 13 milyon 375 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 49 min tonu və ya 83 faizi tranzit yüklər olub. 2023-cü ilin 11 ayında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 29 milyon 973 min ton olub.
Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına görə, 2023-cü ildə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi əvvəlki dövrlə müqayisədə 49,6 % və 2,1 dəfə çoxdur.
Ötən il dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcmi 2022-ci ilə nisbətən 7 % çox olub. İxrac edilən yüklərin həcmi 12 %, idxal olunanların həcmi isə 3 % artıb.

Beləliklə, Qırımızı dəniz krizi, Asiya və Avropa arasında dəniz daşımalarının müddətinə və xərcinə ciddi formada təsir göstərir, Azərbaycan logistikasının cəlbediciliyini artırır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbiblinin sözlərinə görə, bu hadisələrin fonunda Azrəbaycandan keçməklə Avropa və Asiyanı birləşdirən Orta Dəhlizə maraq sürətlə artır. “Dəniz daşımlarında qiymət və daşıma müddəti artdıqca, iki qitə arasında daşınan yükün daha böyük hissəsi Orta Dəhlizə yönəlir. Artıq Çindən çıxmaqla Qazaxıstan və Azərbaycandan keçərək Avropaya çatdırılacaq blok qatarların sayının artması qeydə alınır. Yaxın gələcəkdə bu yük həcminin daha çox artacağı gözlənilir”.


Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu gün Orta Dəhliz qlobal və geosiyasi dəyişiklər kontenksində əhəmiyyətini artırıb. Onun sözlərinə görə, Qırmızı dənizdə baş verənlər yükdaşımaların istiqamətinə birbaşa təsir göstərir və Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin artmasına gətirib çıxardır.

“Azərbaycan Orta Dəhlizin genişlənməsinə maraqlı ölkələrdəndir. Məhz 2023-cü ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmində müşahidə edilən 30 faizlik artım beynəlxalq yükdaşıkmalardan əldə edilən gəlirin məbləğinə təsir göstərir. Beləliklə, Azərbaycan qeyri-neft sektorunda yükdaşımalardan daha çox mənfəət əldə etməyə başlayıb. Eyni zamanda son illərin statistikası göstərir ki, Azərbaycana daxil olan yüklərin 80 faizi tranzit yüklərdir və Azərbaycan üzərindən digər ölkərə aparılır. Bu da ondan xəbər verir ki, Azərbaycanda son illər nəqliyyat inffrastrukturunun inkişaf etdirilməsi ölkə üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə yükdaşımalarda daha çox artımların olacağı gözlənilir. Bu imkan verəcək ki, Azərbaycan, bütövlükdə region Orta Dəhlizin əsas elementlərinə çevrilsin”.


Dəniz daşımaları dünya iqtisadiyyatında 90 faiz paya malikdir. Quru daşımaları isə son 10 ildə Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində tikilməyə başlayıb. Həmçinin tarixi İpək yolunun bərpası adlandırılan layihə çərçivəsində də xeyli işlər görülüb, bir sıra ölkələrdə infrastruktur qurulub. Amma hazırda quru dəhliz marşurutlarının iki ölkəsi şimalda Rusiya, cənubda İran sanksiya altındadır.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, 2022-ci ilə qədər quru daşımaları üzrə əsas payı Rusiya ötürürdü. Lakin sanskiyalar, eyni zamanda Rusiya-Ukrayna münaqişəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağı artırıb.

“Bu marşurut əvvəldən olub, lakin çatışmayan cəhətlərinə görə o qədər də maraqlı deyildi və quru, dəniz, yenidən quru daşımalarının olması səbəbindən analitiklər tərəfindən bəyənilmirdi. Lakin 2013-cü ildən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyi artdı. Qazaxıstanın şərqi ilə qərbini birləşdirən dəmiryolunun çəkilməsi, Kurik limanının istifadəyə verilməsi, Türkiyədə Marmaray tunelinin tikilməsi, Bakı-Tblisi-Qars dəmiryolunun tamamlanması, Bakı Ələt Limanın açılması yüklərin daşınması üçün yeni imkanlar yaratdı. Lakin nəqliyyat infrastrukturunun qurulması tez başa gəlmir, bu, orta və uzun vədəlidir”.


Bəs Orta dəhliz yüklərin hamısını götürmək qabiliyyətindədir? R.Ağamirzəyev bunun hələlik mümkün olmadığını qeyd edib. “Çünki burada dar boğazlar var, xüsusən Gürcüstan ərazisində biz bir sıra ləngimələr müşahidə edirik. Gürcüstanda Şərq-Qərb dəhlizi üzrə infrastrukturla bağlı başlanılan layihələrin bir çoxu bu il tamamlanacaq. Bununla dəhlizin cəlbediciliyi bir az da artacaq. Bundan sonra bu marşurut xətti boyunca yükdaşımalarda artım müşahidə edəcəyik.

Eyni zamanda yüklərin uzun ləngimələrdə qalmaması üçün şaxələndirmə də vacibdir. Azərbaycan torpaqlarını azad etdikdən sonra bu istiqamətdə addımlar atır. Zəngəzur dəhlizi yeni bir istiqamət olaraq burada önəmli rol oynayacaq. Bu çərçivədə işlərin böyük həcmi görülüb və yaxın illərdə tam tamamlanacaq”.


Ekspert bildirib ki, Qırmızı dənizdən konteyner daşımalarının 12, neft daşımalarının isə 40 faizi keçir. Təbii ki, regionda baş verən proseslər qiymətlərə birbaşa təsir edəcək, bir çox Avropa ölkələrində inflyasiya olacaq və hökümətləri bir qədər də silkələyəcək.
“Bu hadisələr nə qədər uzanacaqsa, Orta Dəhlizə maraq bir o qədər çoxalacaq. Qırmızı dəniz böhranı fonunda Orta Dəhlizdən yüklərin artan dinamikası müşahidə olunacaq və Azərbaycanın, ümumən Cəbubi Qafqaz dünya xəritəsində önəmi artacaq.


Biz bunu ötən illərin artan statistik rəqəmlərdə müşahidə edirik. Eyni zamanda 2024-cü ilin yanvar ayında Çindən birinci blok qatarın 11 günə gəlməsi də pozitiv bir nəticə idi. Bu ay ərzində 10 belə blok qatarın gəlməsi gözlənilir. Artıq daşıma müddəti qısalır. Ən azından Bakıya və Bakıdan Gürcüstana qədər olan istiqamətdə problem yoxdur. Lakin Gürcüstanın daxilindəki bəzi infrastrukturların bu il tamamlanması ilə Orta Dəhliz daha cəlbedici olacaq.

Eyni zamanda Azərbaycan 10 ildir gəmi istehsal edən gəmiqayırma zavoduna malikdir. Bu da Azərbaycanın manevr imkanlarını artır. Bu, həmçinin valyutanın ölkədə qalması baxımından da əhəmiyyətlidir. Belə ki, Azərbaycan onsuz da Xəzər dənizində üstün mövqeyə malikdir. Qara dəniz hövzəsində də donanmasının artırılması yönündə görəcəyi işlərlə Azərbaycan Orta Dəhlizdə nəinki tranzit ölkə, həm də yükdaşıyıcı kimi də qazanc əldə edəcək”, -deyə ekspert əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti