Prezident İndoneziyanın nümayəndə heyətini qəbul etdi
Son vaxtlar siyasi əlaqələrimizin daha da intensivləşdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim qarşılıqlı dəstək verdiklərini deyən dövlətimizin başçısı bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alie ölkələrimiz arasında əlaqələrin təhsil, turizm, ticarət, tikinti və digər sahələrdə genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu dedi.