"İranla bağlı hadisələr mənzil bazarımızda qiymətlərə təsir edəcək"

   "İranla bağlı hadisələr mənzil bazarımızda qiymətlərə təsir edəcək"
  19 Yanvar 2024    Oxunub:1627
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2022-ci ilə nisbətən 9.7% bahalaşıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 7.8%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AzVision.az -a açıqlamasında bildirib ki, mənzil bazarında qiymət artımlarına iqtisadi və inzibati amillər təsir edir:

"Mənzil bazarında son 2 ildə müşahidə edilən qiymət artımları bilavasitə daxili bazarla bağlı deyil, daha çox xarici təsirlərlə əlaqədardır. Bu baxımdan Statistika Komitəsinin rəqəmləri ilə razılaşmıram. Çünki 2023-cü ildə istər ilkin, istərsə də təkrar mənzil bazarında qiymət artımı iki rəqəmli olub, 19 faiz.
2022-ci il mənzil bazarında qiymət dəyişmələri baxımdan göstəricilər daha yüksək olub. 2023-cü il isə qiymət artımında nisbətən sabit il olub. Yəni ötən ilin əvvəlində daşınmaz əmlak bazarında artımlar olsa da, ikinci yarsında sabitləşmə müşahidə edildi".

R.Osmanlı mənzil bazarında qiymət artımına səbəb olan daxili amilləri də açıqlayıb. Onun sözlərinə görə, birinci yerdə ipoteka kreditləşməsidir, xüsusilə ilin əvvəlində güzəştli ipotekanın ayrılması qiymətlərə təsir edib.
"Bu, eyni zamanda digər bazar iştitrakçılarının aktivliyini də artır. Beləliklə, dinamika artır, mənzil bazarına tələb çoxalır, qiymət yüksəlir. İkinci səbəb işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti quruculuq işləridir. Hansıki bu işlərə Azərbaycan dövlət büdcəsi və digər fondlardan 4 milyard manata yaxın vəsait ayrılır ki, bu da kifayət qədər böyük məbləğdir. Həmin vəsaitlərin müəyyən hissəsi daşınmaz əmlak bazarına qayıdır və tələbi artırır.
Üçüncü səbəb inzibati faktorlardır. Hökümət bəzi qərarlar qəbul edir və bu qərarlar daşınmaz əmlak bazarında qiymət artımlarına təsir edir. Məsələn, şəhərsalma ilə bağlı müəyyən tələblərin sərtləşdirilməsi, eyni zamanda bəzi tədbirlərə dair proqramlar, sənədlər qəbul edilir və s."

Regonda çox ciddi narahatlıqların olduğunu deyən R.Osmanlı qeyd edib ki, əvvəl Rusiya-Ukrayna münasibətləri bazara təsir göstərirdisə, indi İran və ətrafında baş verən hadisələr Azərbaycan daşınmaz əmlak bazarına təsir göstərəcək.
"Hələki bu təsirləri müşahidə etmirik. Amma prosseslər aktiv xarakter alarsa, təsir hiss olunacaq. Daşınmaz əmlak bazarındakı qiymət artımlarına təsir edəcək xarici amillərə pul transferləri və insan axını daxildir. 2022-ci il Rusiyadan Azərbaycana pul transferi baxımından rekord göstərici ilə yadda qaldı. Qeyri-rəsmi məlumatlara görə, rəqəm 5-6 milyard arasında dəyişir və bu, kifayət qədər böyük məbləğdir. Həmin məbləğin böyük hissəsi daşınmaz əmlak bazarına yönəldilib. 2022-ci ilin sonu daşınmaz əmlak bazarında fantastik qiymət artımı kimi son 20-25 illik tarixə düşüb" .

R.Osmanlı sonda vurğulayıb ki, regionda baş verən prosseslər Azərbaycan mənzil bazarı üçün qarşıdakı illərdə qiymət artımını şərtləndirir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti