Füzulidə ilk nişanı edən qızın atası: "Restoran tikilsin, oğluma da toy çaldıracam"

 Füzulidə ilk nişanı edən qızın atası: "Restoran tikilsin, oğluma da toy çaldıracam"
  18 Yanvar 2024    Oxunub:3021
Füzuli rayonu işğaldan azad olunandan sonra ötən gün orada ilk nişan mərasimi baş tutub.
AzVision.az -ın əldə etdiyi məlumata görə, xeyir iş Afiq İbişovun ailəsində olub. O, qızı Nargilə İbişovanı qohumu Sadiq Cəfərovla nişanlayıb. Bu haqda saytımıza danışan ata bildirib ki, qızının Bakıda baş tutmalı olan nişanını şəxsi təşəbbüsləri ilə Füzulidə keçiriblər:

“Mənim bir qızım, bir oğlum var. Nargilə 20 yaşındadır, yenicə kolleci bitirib. Füzuli işğal olunanda övladlarımın heç biri doğulmamışdı. İndi onlar mənimlə birlikdə burada yaşayırlar. Əslində nişan Bakıda olmalı idi. Ancaq düşündük ki, evimizin ilk xeyir işi dogma yurdumuzda olsun. Bu, arzumuz idi.

Hazırda Füzulidə yeni tikilmiş binalardan birində yaşayırıq. Burada toy, nişan etmək üçün hələ restoran yoxdur. Ona görə də qərara aldıq ki, xudmani şəkildə evdə məclis quraq. Bu, işğaldan azad olunan Füzulidə ilk nişan mərasimi idi. Təzə mənzilimizdə gözəl, çalğılı məclis oldu. Hamı elə bil ki, sevincin, xoş günün acı idi. Ruh yüksəkliyi yaratdı.

Sadiq bacanağımın nəvəsidir. Onun ailəsi Bakıda yaşayır, onlar hələ Füzuliyə köçməyiblər. Köçsələr, qızım toydan sonra da burada yaşayacaq.

Oğlumun toyunu da Füzulidə edəcəyəm. Bu torpaqlarda toy çalınması ən böyük arzumdur. İnşallah oğlumun toyuna qədər burada restoran da tikilər".








Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti