Dövlət provayderlərinə qarşı qaldırılmış işin nəticələri açıqlandı

 Dövlət provayderlərinə qarşı qaldırılmış işin nəticələri açıqlandı
  18 Yanvar 2024    Oxunub:1309
Ötən il 90 bazar subyekti tərəfindən bir sıra mal və ya xidmətin reklamı zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ən çox qanun pozuntusu tibbi xidmətlər və dərman vasitələrinin reklamı zamanı olub. Belə ki, ötən il 20 belə qanun pozuntusu aşkarlanıb:

"Bank xidmətlərinin reklamı zamanı 15, alkoqollu içkilərin reklamı zamanı 13, turizm xidmətlərinin reklamı zamanı 11, bioloji fəallığa malik qida əlaqələrinin reklamı zamanı 9, sığorta sahəsində isə 6 qanun pozuntusu aşkarlanıb".

Xidmət rəisi əlavə edib ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə hesabat dövründə qaldırılmış işə baxılması başa çatıb və müvafiq qərar qəbul edilib.

"Belə ki, cəmiyyətlər tərəfindən tənzimlənən qiymətlərdən fərqli qiymətlərin tətbiq edilməsi müəyyən olunub. Hər iki quruma daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib".

Qeyd edək ki, “Reklam haqqında” qanunvericiliyin tələblərinə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.

“Haqsız rəqabət” haqqında qanunvericiliyin tələblərinə əsasən, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılması və haqsız rəqabətə səbəb olur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti