“Boeing” təyyarələrinin istehsalına nəzarət gücləndiriləcək

   “Boeing” təyyarələrinin istehsalına nəzarət gücləndiriləcək
  13 Yanvar 2024    Oxunub:1371
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Portlend hava limanında Alyaska Hava Yollarına məxsus “Boeing 737 MAX 9” təyyarəsində təzyiqin aşağı düşməsi hadisəsindən - hava gəmisinin gövdəsinin bir hissəsinin qopması və pəncərəsinin sınmasından sonra “Boeing” təyyarələrinin istehsalına nəzarəti gücləndirəcək.
AzVision.az xəbər verir ki, bu barədə FAA-nın yaydığı açıqlamada deyilir.

"Təxminən 171 ədəd “Boeing 737 MAX 9” təyyarəsinin istismarını dayandırdıqdan sonra FAA bu gün “Boeing” məhsullarının istehsalına nəzarəti dərhal artırmaq üçün yeni önəmli addımların atıldığını elan edib", - tənzimləyicinin bəyanatında deyilir.

Buraya təyyarə istehsalçısının təsdiq edilmiş keyfiyyət standartlarına uyğunluğunun qiymətləndirilməsi, habelə təhlükəsizlik risklərinin nəzərdən keçirilməsi və məhsulun keyfiyyətinə nəzarət səlahiyyətinin müstəqil üçüncü tərəflərə ötürülməsi imkanlarının araşdırılması daxildir.

FAA yanvarın 11-də “Boeing” ilə bağlı araşdırmaya başlayıb. Bundan əvvəl departament Portlenddə baş verən hadisədən sonra “Boeing 737 MAX 9”-un istismarının dayandırılması barədə göstəriş vermişdi.

Yanvarın 6-da Amerikanın “Alyaska Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı pəncərəsinin və gövdəsinin bir hissəsinin qopması səbəbindən Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib. Təyyarədə 174 sərnişin və altı ekipaj üzvü olub, heç kim xəsarət almayıb. Bundan sonra daşıyıcı müvəqqəti olaraq “Boeing 737-9” təyyarələrinin istifadəsindən imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti