DSMF sədri ötən ilin yekunlarını açıqladı: "Gəlirlər 948 mln artıb"

   DSMF sədri ötən ilin yekunlarını açıqladı:   "Gəlirlər 948 mln artıb"
  10 Yanvar 2024    Oxunub:1100
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü ildəki gəlirləri əvvəlki ilə nisbətən 948 mln. manat və ya 17 faiz çox olmaqla 6 mlrd. 677 mln. manat təşkil edib.
AzVision.az xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında deyib. O qeyd edib ki, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 mln. manat artaraq 5 mlrd. 197 mln. manata çatıb.

"Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln. manata çatıb. Xərclərin 5 mlrd. 888 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. manat çoxdur.

2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pensiya artımları təmin edilib:

"Minimum aylıq əmək pensiyasının məbləği ötən il fevralın 1-dən 280 manata çatdırılıb. Həmçinin pensiyalar 2023-cü ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb. 2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğlərinin indeksləşdirilərək artırılması təmin edilib".

DSMF sədri qeyd edib ki, pensiya ödənişləri ötən il 781 mln. manat və ya 16 faiz artaraq 5 mlrd. 726 mln. manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 467 manata çatıb.

"Hesabat dövründə 32 min şəxsə elektron qaydada pensiya təyin olunub. 2019-cu ilin əvvəlindən başlayan elektonlaşma nəticəsində isə bu günə qədər ümumilikdə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti