"Konsert verəndə səhnə arxasında onu həkimlər gözləyirdi"

  "Konsert verəndə səhnə arxasında onu həkimlər gözləyirdi"
  09 Yanvar 2024    Oxunub:1957
“Respublikada elə bir sənətkar təsəvvür etmirəm ki, o cür ağır xəstəliklə səhnəyə çıxıb konsert verə bilsin. Səhnə arxasına həkimlər gətirmişdilər ki, nəsə olsa, müdaxilə edə bilsinlər”.
AzVision.az xəbər verir ki, bunu mərhum müğənni, Əməkdar artist Aygün Bəylərin müəllimi, tarzən Elxan Müzəffərov bir neçə gün öncə həyatını itirən tələbəsindən danışarkən deyib. O bildirib ki, Suraxanıda müğənni ilə qonşu olub və onu lap kiçik yaşlarından tanıyıb.
"Mən nə tərbiyəsizlik etmişəm?!" - Tarzən qalmaqaldan danışdı


“Aygün Bəylər barəsində mən saatlarla danışaram. Körpəlikdən, uşaq vaxtından rəhmətə gedənə kimi əlaqəmiz olub. Konsertinə məni də dəvət etmişdi. O, konsertdə məni ayağa qaldırdı, ünvanıma müəllim kimi xoş sözlər dedi, qucaqladı.

Xəstəliyindən xəbərim var idi. Gərək o cür ağrıyla konsertə çıxmayaydı. Səhnə arxasında həkimlər gözləyirdi ki, səhnədə nəsə olsa müdaxilə etsinlər. Respublikada onun kimi canı ağrıya-ağrıya konsert verən ikinci bir sənətkar yoxdur”.

Tarzənin sözlərinə görə, müğənninin atası da onun tələbəsi olub.

“Bu irs ona atasından və ata nənəsindən keçmişdi. Nənəsinin də yaxşı səsi olub. Balacaikən Aygünün nağaraya həvəsi var idi. Ancaq neçə il oxumağa qoymayıblar.
Qismətə bax, Aygünlə ilk tanışlığım Suraxanı rayonunda Səttar Bəhlulzadə adına Mədəniyyət Evində olmuşdu, onunla vida mərasimi də orada keçirildi.

Mən orada çalışanda Aygünü yanıma gətirib səsini yoxlamağımı xahiş etdilər. O, oxuyanda heyrətimdən özümü saxlaya bilmədim. Dedim, bu, uşaq kimi oxumur, böyük bir sənətkar kimi ifa edir, yaxşı müəllimə yönəltmək lazımdır ki, başqa sahədə itib batmasın.

İllər ötdükcə ona muğamı da öyrətdim. İldən-ilə inkişaf etdi, elə məqama çatdı ki, toylara getməyə başladı. Razı deyildim, dedim toya gedirsənsə, səsini qorumalısan. Toylar elə səsləri məhv edib ki, altından çıxa bilməyiblər. Dedi:”baş üstə, müəllim. Nə desəniz, edəcəyəm”. Beləliklə, tanındı, televiyalara dəvət olundu, səhnələrə çıxdı. Xalqın rəğbətini qazandı. Konservatoriyaya qəbul olundu, Arif Məlikovdan dərs aldı. Rəhmətə getməmişdən bir müddət əvvəl də yanıma gəlmişdi. Müalicə olunurdu.

O cür sənətkar insan kimi heç vaxt pis olmaz. Atası rəhmətə getmişdi. Məni atası kimi qəbul edirdi, ona qızım kimi hörmət edirdim. Axır gününə kimi əlimdən nə gəlirsə etmişəm.
Kasıb ailədən idilər. Çox ağır həyat yaşayıb. Ailəsinə, qohumlarına maddi kömək edirdi”.


Elxan Müzəffərov



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti