2040-cı ilədək dəmiryol şəbəkəsində hansı işlər görüləcək?

   2040-cı ilədək dəmiryol şəbəkəsində hansı işlər görüləcək?
  08 Yanvar 2024    Oxunub:1337
2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin dəmir yolu stansiyasının yenidən qurulması, o cümlədən Biləcəri stansiyası ilə Mərkəzi Bakı Stansiyası arasında Şimal-Cənub istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi və Sumqayıta qədər uzanan xəttin üzərində Xırdalan şəhəri ərazisində yeni stansiyanın inşası nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni
Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının
yaradılması nəzərdə tutulur.

Bunlarla yanaşı, dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat
əlaqələndirməsində rolunun artırılması üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına
yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası
planlaşdırılıb.

Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin
edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək
yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı”dəmiryolu dəhlizinin yaradılması planlaşdırılır.

2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun təqribən 195,4
km-dən 338,6 km-ə, stansiyaların sayının isə 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti