Mikayıl Cabbarov kraliçanın ad günündə

Mikayıl Cabbarov kraliçanın ad günündə
  18 İyun 2014    Oxunub:1050
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət İkinci Elizabetin doğum günü münasibətilə “JM Marriott Absheron” mehmanxanasında ziyafət təşkil edib.
AzVision.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib. Himləri əməkdar artist Fidan Hacıyeva canlı olaraq ifa edib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirib ki, iki ölkə arasında enerji, siyasət, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil almağa böyük maraq göstərirlər. Səfir demişdir ki, xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına güclü təsir göstərmişdir. Böyük Britaniyanın Azərbaycanda iri layihələrdə iştirakını xatırladan səfir, bu ölkəsinin Azərbaycana maraq göstərdiyini bildirib və əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbrikini çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir. Neft və qaz sektoru burada ən bariz nümunədir. M.Cabbarov bildirib ki, Britaniya şirkətlərinin sərmayələri və texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının istehsalında və dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində çoxsaylı azərbaycanlı tələbə təhsilini Birləşmiş Krallıqda davam etdirir. Nazir əlavə edib ki, Azərbaycan və Britaniya universitetləri birbaşa əlaqələr yaradırlar və əməkdaşlıq layihələri həyata keçirirlər.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. (AzərTAc)


Teqlər:





Xəbər lenti