Şagird yerdəyişməsində incə məqamlar: "Bəzi direktorların əsas gəlir mənbəyinə çevrilmişdi"

      Şagird yerdəyişməsində incə məqamlar:    "Bəzi direktorların əsas gəlir mənbəyinə çevrilmişdi"
  23 Oktyabr 2023    Oxunub:2317
Bu gün Elm və Təhsil Nazirliyi yenidən onlayn formada şagird yerdəyişməsinə start verib. Xatırladıram ki, ötən yayda müvəqqəti olaraq dayandırılan bu sistem məktəblərdə siniflər komplektləşəndən sonra işə salınmalıydı. Proses sy.edu.az elektron sistemi üzərindən valideynlərin onlayn məktəb seçimi ilə həyata keçirilir.
Bu, Nazirliyin ən faydalı rəqəmsal xidmətlərindən biridir.Nazirlik bu rəqəmsal həll vasitəsilə həm də bu prosesdə olan neqativlərin qarşını almağı hədəfləyib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O qeyd edib ki, bu səbəbdən 9-cu sinfədək avtomatik olaraq reallaşan bu e-xidmət 10-cu siniflər üzrə yerdəyişmədə iki mərhələyə bölünür. Belə ki, bu siniflər üçün valideynlər əlavə sənədlər yükləməklə seçimi əsaslandırmalıdırlar.

"Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib. Hansı ki, bu, son zamanlaradək bəzi direktorların əsas gəlir mənbəyinə çevrilmişdi.

Xatırlayıram ki, ötən il, Gədəbəyin icra başçısı hansısa bir kənd məktəbinin 201 şagirdindən 11-ci sinif üzrə 55 şagirdin heç birinin məktəbdə olmadığını vurğulamışdı. O zaman bu kənd məktəbinin az qala 30%-nin 11-ci sinifdə oxuması diqqət çəkmişdi. Şübhələnmək üçün əsaslar yaranmışdı ki, bu kənd məktəbinə kənardan şagird miqrasiyası baş verib, daha doğrusu şagirdlərin özünün yox, onların adlarının bu məktəbə miqrasiyası olub.

Ümumiyuətlə, görünən odur ki, hazırda ETN-nin, bütövlükdə hökumətin əlində yetərincə data formalaşıb ki, bununla da dövlət nəzarətini və ictimai nəzarəti, şəffaflığı daha effektiv təmin etmək mümkündür.

Nazirliyin Ümumi Təhsil İnformasiya Sisteminin tərkib hissəsi olan sy.edu.az resursu da ölkə üzrə şagird miqrasiyasına nəzarət etmək üçün əhəmiyyətli bir rəqəmsal həlldir".

AzVision.az


Teqlər:





Xəbər lenti