İşığın İŞİD-ə çevrilməsi

İşığın İŞİD-ə çevrilməsi
  13 İyun 2014    Oxunub:1097
Fazil Mustafa

İŞİD adı ilə tanınan İraq Şam İslam Dövləti militanlarının Mosulu ələ keçirməsi və Türkiyə konsulluğunu tam tərkibdə girov götürməsi, gözlənildiyi kimi, dünyanı ciddi həyəcanlandırmağa başlayıb. Mosuldan və ətraf bölgələrdən böyük bir köç axını başlayıb, müdafiəsiz qalmış xalq həyatlarını riskə ataraq başıpozuq şəkildə İraq çöllərinə yayılmaqdadır.
Hamını maraqlandıran əsas sual ABŞ-ın Səddam sonrası bu ölkədə yaratdığı boşluğun artıq elə də böyük olmayan terrorçu qrup tərəfindən niyə və necə doldurulmasıdır. İllərdir təchizat üstünə təchizat qoyulan İraq ordusunun ideyasız və əqidəsiz korrupsiyalaşmış birlikləri silahlarını ataraq geri çəkilmiş oldular. Demək ki, ABŞ-ın Əfqanıstanda, Pakistanda siyasətinin iflası, ardından Suriya iflası və nəhayət, İraqda belə asanlıqla bir terrorçu qrupun iri şəhərləri bir-bir ələ keçirməsi bizi də hamı kimi narahat etməlidir. Qulaqlarını ABŞ-dakı Azərbaycan barədə dinləməyə şəkləyən hər kəs üçün bir daha nəyə və kimə güvənmək sualına cavab tapmaq günün ən təxirəsalınmaz məsələsi olmalıdır. Əməllər niyyətə görədir, deyərlər. ABŞ hara ki, demokratiya və azadlıq niyyəti ilə girməyibsə, orada illər uzunu faciələr yaşanıb. İndi də Ukraynadan yavaş-yavaş başı ayılan Rusiya Avrasiya İttifaqı ilə qamçısının ucunda Azərbaycana da piroq göstərir. İran Azərbaycanın Rusiya zolağına girməsini öz təhlükəsizliyi üçün əsas şərtlərdən biri sayır. Türkiyə də Rusiya ilə özünün qarışmağa məcbur olacağı bir problem çıxarmamaq istəyir. Ermənistan onunla birlikdə nəzarət altında tutula biləcəyimiz Rusiya modelli birlikdə bizi görmək istəyir. Bircə ABŞ nə istəyir, bunun cavabı artıq aydınlaşmağa başlayır. Pakistanda istədiyini istəyir. Əfqanıstanda istədiyini istəyir. Ən son nümunə kimi, İraqda istədiyindən fərqli bir şey istəmir.

İraq əslində Səddam zamanında da faktiki dövlət deyildi, tarixi dövlət idi. Səddam sonrası dövrdə ilk öncə şiə-kürd ittifaqı üzərində ABŞ silahının gücünə formal bir hakimiyyət quruldu. Son düşünülmüş addım isə uzun illərdir yetişdirildi, hazırlandı və atıldı. İraqdan üç dövlət çıxarma siyasəti uğurla yekuna doğru gedir - Şiələrin, Kürdlərin və Sünnilərin dövləti. Həm də İsraili rahatladacaq qədər hər zaman bir-biri ilə savaş içində olacaq, zəifləyəcək üç dövlət. Buraya xaos içində olan Suriyanı da əlavə edərsək, bölgənin Amerika ağırlıqlı gələcəyinin nədən ibarət olduğunu anlamaq mümkündür.

Sələfi görüşlərinə sahib olduğu iddia edilən İŞİD təqribən Suriyada 10 min, İraqda 4 min adam civarında hesablanır və sayları bir əşirət sayını keçməz. Demək ki, bölgədə olan dövlətlərin gücləri ilə baş edəcək səviyyədə deyildir. Lakin bu qədər küstahcasına Türkiyə kimi bir dövlətin konsulluğuna hücum edib, diplomatları girov götürməsi bütün hallarda təlimatın daha ciddi güclərdən gəldiyindən xəbər verir. Bu təşkilat Suriyada Əsədlə də amansız döyüşləri girmişdi, sonradan müəmmalı şəkildə sükunətə üstünlük verdi və savaşı ayrı-ayrı dirənişçi qruplara və İraqın Maliki liderliyindəki şiə hakimiyyətini devirməyə yönəltdi. Eynilə Talibanın vaxtilə Əfqanıstanda hakimiyyətə gəldiyi zamanlardakı davranışları təkrarlayırlar.

Bu çoxbaşlı oyunun əsas hədəfində Türkiyənin olduğu da aşkardır. Ancaq bundan da böyük hədəf İslam dinidir. Artıq İslamın gözəlliklərinin alternativi olaraq ayrıca təbliğata gərək qalmır. Qan tökməkdən həzz alan terrorçu obrazı ildən-ilə öz populyarlığını artırmağa davam edir. Hamısının da yeganə səbəbi təhsilsizlikdir, savadsız kütlənin çoxluğudur.

Dünən Qafqaz Universitetində məzun törəninə dəvət olunmuşdum. Bu ənənəni uzun illərdir ki, yaşadırlar. Burada məzun həm də şəxsiyyətinə universitetin sayğısını hiss edir. Özünü universitetin əşyası, pul qabı kimi düşünmür. Gözəl, duyğulu bir vaxt keçirdim. Xüsusilə də universitetin ən yüksək nəticə qazanan məzunlarının içində çoxluğu qızlarımızın təşkil etdiyinə sevindim. Bax, budur, rüşvətsiz ali məktəbin effekti...

Gender problemi özlüyündə həllini tapır. İnsanlar universiteti sevərək oxuyurlar. Uşaq bağçasına, orta məktəbinə, liseyinə rüşvətlə, tapşırıqla yavrularımızın daxil olduğu şərtlər əvvəl-axır bir İŞIQ deyil, bir İŞİD doğuracaqdır. Təhsilsizlik, savadsızlıq artdıqca İslam qiyafəsində oğruların, dələduzların, saxtakarların, Həcc-Kərbəla-Məşhəd turistlərinin dinçiliyinin və ən sonda da Allahın adıyla insan başı kəsənlərin sayı daha da artır. Ədalətli insanlar üçün ən ciddi qorxu mənbəyinə bu ədalət dininin özü çevrilməyə başlayanda cahilin dinçiliyindən, ibadətçiliyindən Allaha sığınan Peyğəmbəri daha dərindən dərk etməyə başlayırsan.

Bir xatırlayın Fateh Sultan Mehmedin xristianların yaşadığı Konstantinopola girişini. İslam adı ilə qorxu içində qalmış əhaliyə necə bir ədalət duyğusu bəxş edə bilmişdi. Bu günədək insanlıq nümunəsi olaraq vurğulanmaqdadır. Və bir də baxın müsəlmanların yaşadığı Mosula girmiş İŞİD birliklərinin vahiməsinə. Dinc müsəlman əhali başqa müsəlmanların vəhşilikləri ilə üzləşməmək üçün evini, yurdunu buraxıb qaçır. İslam adına baş verən inqilab zamanı İranda edam edilən yüz minlərlə günahsız insanı xatırlayın. Əfqanıstanda Budda abidəsini uçuran, ölkəni viran qoyan, qızlara təhsili yasaqlayan Taliban vəhşətini xatırlayın...

Tarixdə də, bu gündə bütün bu hərəkətlər mənbəyini İslamdan almış. Demək ki, bulağın gözəlliyini içənin natəmizliyi korlaya bilir. Bunu anlamayanlar çoxaldıqca İŞIĞın İŞİDə çevrilməsi bir anın məsələsidir...


Teqlər:





Xəbər lenti