Xoşbəxt Yusifzadə ağac əkdi

  13 Aprel 2013    Oxunub : 516
Xoşbəxt Yusifzadə ağac əkdi
ARDNŞ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə iməciliklər keçirir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə ölkəmizin hər yerində olduğu kimi, ARDNŞ-nin idarə və müəssisələrində də silsilə tədbirlər keçirilir.
Şirkətin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ARDNŞ kollektivi tərəfindən yaz mövsümündə hər həftənin şənbə günləri bu münasibətlə yaşıllaşdırma və abadlıq işləri aparılmasına qərar verilib.

Aprelin 13-də ARDNŞ rəhbərliyinin iştirakı ilə Şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı iməcilik keçirilib, ağaclar əkilib, abadlıq işləri aparılıb, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilibr. “Azneft” İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, “Azəriqaz” İB-nin qaz istismar sahələrinin, “Azərikimya” İB-nin zavodlarının, Kompleks Qazma İşləri Trestinin qazma idarələrinin, “Neftqaztikinti” Trestinin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “Azərneftyağ” Neft Emalı Zavodunun, Neft Kəmərləri İdarəsinin, Xəzər Dəniz Neft Donanmasının kollektivləri aksiyada fəal iştirak etmişlər. Geofizika və Geologiya, İnformasiya Texnologiyaları və Rabitə, Sosial İnkişaf, Ekologiya İdarələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Təlim, Tədris Mərkəzi və Şirkətin digər istehsalat kollektivləri öz ərazilərində ekoloji tədbirlər həyata keçirmişlər. Şirkətin 18 minə yaxın əməkçisinin qatıldığı iməcilikdə ümumilikdə təxminən 15000 ağac və gül kolu əkilmiş, böyük abadlıq işləri aparılıb. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, xan çinarı, söyüd, zeytun, eldar şamı, meyvə ağaclarına, eləcə də qızılgül, yasəmən, novruzgülü və dekorativ gül kollarına üstünlük verilib.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Şirkətin digər vitse-prezidentləri, Baş ofisin idarə rəhbərləri Bibiheybətdə neftlə çirklənmədən təmizlənmiş ərazidə olmuş, ekoloji vəziyyətlə maraqlanmış, burada keçirilən iməcilikdə ağaclar əkiblər. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman ətraf mühitin mühafizəsinə, yaşıllıqların salınmasına xüsusi diqqət göstərmiş və son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində geniş vüsət alan hərakatın əsası məhz Ulu öndərimiz tərəfindən qoyulmuşdur. Qeyd olunub ki, bu ənənəyə sadiq qalan ARDNŞ kollektivi neftlə çirklənmiş torpaqları təmizəyərək mədən ərazilərində geniş abadlıq və yaşıllaşdırma işləri aparır, ağacəkmə kampaniyalarını uğurla davam etdirir. Məlumat verilmişdir ki, təkcə 2010-2012-ci illər ərzində Şirkətin idarə və müəssisələrinin ərazisində 250 mindən artıq müxtəlif növlü ağac-kol bitkiləri əkilmiş, aparılmış rekultivasiya tədbirləri nəticəsində bərpa olunmuş mədən torpaqlarının ümumi sahəsi 1300 hektara çatdırılıb.

İməcilik zamanı ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən təxirəsalınmaz işlərdən, həyata keçirilən kompleks tədbirlərdən söz açılmış, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli məqsədilə görülən mühüm işlərin davamlı olacağı bildirilib.

Teqlər: