“Onlar dinə zərbə vurur”

“Onlar dinə zərbə vurur”
  12 Aprel 2013    Oxunub:1502
“Ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar”.
Bu gün Ümummili Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublikanın Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Şirvan bölgəsi üzrə rayonların icra strukturları, eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə, konfrans iştirakçıları Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil və tər güllər düzüblər. Ümummili Liderin xatirəsi ehtiramla anılıb. O cümlədən Şamaxı “Cümə” məscidi ziyarət edilmişdir. Daha sonra regional konfrans öz işinə başlayıb.

Komitədən AzVision-az-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Şamaxıdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin üçüncüsü olduğunu diqqətə çatdrıb. Komitə sədri Ümummili Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini diqqətə çatdırıb və qeyd edib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb.

“Bu gün ölkəmizdə məscidlər, tarixi abidələr bərpa edilir, eyni zamanda yeniləri tikilərək dindarların istifadəsinə verilir. Məsələn, elə tarixi Şamaxı “Cümə” məscidinin ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yenidən bərpa edilməsi bu qəbildən olan tədbirlər sırasındadır. "Bu gün bütün xalqımız kimi dini icmalar da Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Eyni zamanda bu gün dini maarifləndirmə sahəsində də geniş ilər aparılır. Bir müddət öncə axund və imamlar üçün xütbə vəsaitləri toplusunun nəş edilməsi buna bariz nümunədir. Bəziləri bunu guya “vahid xütbə” kimi təqdim etməyə çalışırlar. Amma bu sözü deyənlərin kitabın içindəkilərdən xəbəri də yoxdur. Çünki toplunu bircə dəfə mütaliə etsələr görə bilərlər ki, orada yalnız axund və imamlar üçün yardımçı vəsaitlər var.”

Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siysiləşdirmə meyillərindən də danışıb. Eşİskəndərov qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar:

“Bəziləri dindarların siyasiləşdirilməsi, siyasi oyunlara cəlb edilməsi üçün müxtəlif vasitələrdən istifadə edir. Öz məqsədlərinə nail olmaq üçün dindarlardan istifadə etmək fikrinə düşürlər. Amma bunu etmək istəyənlər unudurlar ki, Azərbaycan xalqı. O cümlədən ölkədəki dini icmalar dövlətçilik prinsiplərinə sadiqdirlər. Biz əminik ki, dini icmalar bu cür çirkin oyunlara qoşulmayacaqlar.”

E.İskəndərov çıxışının sonunda icmaları dini maarifləndirmə sahəsində fəal olmağa və bir sıra radikal qüvvələrin qarşısında əsas silah olan düzgün maarifləndirmə istiqamətini təbliğ etməyə çağırdı.

“Cəmiyyətdə hər kəs eyni düşüncədə deyil və bu təbii haldır. Amma müəyyən vaxtlarda müxtəlif radikal düşüncəli qruplar insanlar arasında öz ideyalarını yaymağa və islamın əsl mahiyyətindən kənar fikirlər aşılamağa çalışırlar. "Dinçi bolşeviklər" "ateist bolşeviklər" qədər dinə zərbə vurur. Odur ki, xalqın dini maarifləndirməsində, həmçinin islamın düzgün təbliğində sizlərin üzərinə böyük vəzifə düşür. Düşünürəm ki, biz bu cür hallara qarşı birgə mübarizə aparacağıq.”

Dövlət Komitəsinin sədri “Qazi azan: Haqqın və haqqımızın səsi” kampaniyası haqqında da danışıb. Bildirib ki, Qazi Qarabağ azanının səsləndirilməsi bir daha işğal altında olan torpaqlarımızı daim xatırlamaq üçündür.

“Bu təşəbbüs Dövlət komitəsi tərəfindən dəstəkləndi və belə bir təklif irəli sürüldü ki, dini icmalar bu azanı hər cümə günü öz məscidlərindən səsləndirsinlər. Düşünürəm ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan Qazi Qarabağ azanı dini icmalarda vətənpərvərlik hissini daha da gücləndirəcəkdir.”

Çıxış edən Prezident Adminstirasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin əməkdaşı Canpolad Musayev bildirib ki, bu seminar sayca üçüncü olsa da, sonuncu deyil: “İlk növbədə Dövlət Komitəsinə belə bir təşşəbüsü üçün bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu cür tədbirlər ölkə dindarlarının maarifləndirmə işində mühüm rol oynayacaq.”

Millət vəkillləri Elton Məmmədov və İlham Məmmədov konfransın əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, analoji tədbirlərin keçirilməsi zəruridir. Millət vəkili Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu təşəbbüsünün dövlətimizin inkişafı istiqamətində dəyərli iş olduğunu önə çəkiblər.

QMİ sədrinin müşaviri Fuad Nurullayev isə çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışmış və vurğulamışdır ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töfhələrini verməkdir.

Digər natiqlər də çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında seminar-treninqlərin mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.

Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 9 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

AzVision.az




Teqlər:  





Xəbər lenti