İyunun 11-də imtahan olacaq

   İyunun 11-də imtahan olacaq
  07 İyun 2023    Oxunub:1243
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirəcək.
DİM-dən AzVision.az -a verilən məlumata görə, imtahanlarda ümumilikdə 2324 nəfər iştirak edəcək.

Doktoranturaya qəbul imtahanına 1841 nəfər (1795 nəfər ingilis dili, 26 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 483 nəfər (470 nəfər ingilis dili, 6 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 4 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ayrılır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 29 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 217 nəzarətçi-müəllim, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 11-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. Həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək.
AzVision.az


Teqlər:





Xəbər lenti