Tarixin ilk filosofu: O əslində miflərin təsirindən tam qurtula bilməmişdi...

      Tarixin ilk filosofu:    O əslində miflərin təsirindən tam qurtula bilməmişdi...
  22 May 2023    Oxunub:4224
Qədim yunanların 7 böyük filosofundan birincisi olan Falesin e.ə 625-ci ildə Milet şəhərində karialı ata ilə finikiyalı ananın ailəsində doğulduğu ehtimal edilir. Onun həyat və fəaliyyəti haqqındakı məlumatlar dolğun deyil. Buna baxmayaraq, tarixçi Herodot, filosoflar Platon və Aristotel öz əsərlərində onun həyat və fəaliyyətindən bəhs ediblər.
Falesin həyatı və fəlsəfəsi haqqında dolğun məlumat əldə etmək üçün onun yaşadığı dövrün təhlil edilməsi zəruridir. O dövrdə Milet şəhərində kasıb və varlı siniflər arasındakı münaqişə kasıbların qalibiyyəti ilə tamamlanmış, varlılara qarşı böyük qırğın törədilmişdi. Çox keçmədən varlı sinif əks-üsyan ilə hakimiyyəti yenidən ələ keçirmişdi. Misir ilə yaxın əlaqələri olan tiran bu xaotik vəziyyətdən istifadə edərək, hakimiyyəti qəsb edir. Yaranan yeni vəziyyət siniflər arasındakı münaqişənin qarşısını müəyyən dərəcədə alır.

Herodot Falesdən 2 dəfə bəhs edir. Birinci halda Falesin Lidiya krallığı və Persiya imperiyası arasında baş tutacaq böyük müharibədən əvvəl Lidiya kralına mərkəzi Teos şəhəri olacaq bir ittifaq yaratmasını tövsiyə etməsindən söz açır. Kral bu təklifi dəyərləndirmədiyi üçün Persiya imperiyasına məğlub olmuşdu.
İkinci halda Falesi Lidiya krallığı və Persiya imperiyası arasında təxminən e.ə 585-cı ildə baş verən müharibədə böyük qorxuya səbəb olan günəş tutulmasını əvvəlcədən sakinlərə bildirməsi ilə bağlı xatırladır.

Fales haqqındakı digər maraqlı məlumatlar Platon və Aristotelə aiddir. Platon qələmə aldığı “Theaitetos” (Feaitetos) dialoqunda səmanı müşahidə edərkən quyuya düşən Falesi təsvir edib. Falesin qulu onun diqqətsizliyinə belə lağ edir: “Siz səmanı müşahidə edir, ancaq ayağınızın altını görə bilmirsiniz”.
Hegel Falesin cavabının belə olduğunu təsəvvür edirdi: “Filosofların diqqətsizlikdən quyuya düşməsi bəziləri üçün bayağı və gülməli ola bilər. Ancaq bayağı yaşayan, onsuz da quyuda olub, bunun fərqinə varmayan insanlar da filosoflar üçün gülüncdürlər. Yəni filosoflar da onlara gülən insanlara gülürlər”.

Platonun tələbəsi Aristotel “Politika” əsərində Falesdən bəhs edir. Onun yazdığına görə, “Əgər sən ağıllısansa, niyə varlı deyilsən” sualından bezən Fales zeytunun ən çox bar verəcəyi ili əvvəlcədən hesablayaraq, hər kəsdən ucuz qiymətə zeytun yağı sıxan dəzgahları alıb, sonradan yüksək qiymətə icarəyə vermişdi. Beləliklə, ağlın köməyi ilə pul qazana bilinəcəyini sübut etmişdi.

Falesin, Misir və Babil kimi bir çox inkişaf etmiş şəhərlərə səfər etdiyi müxtəlif mənbələrdə göstərilib. Onun Misirdə həndəsə, Babildə astronomiya öyrəndiyi ehtimal edilir. Babillilər yunanlılardan əvvəl ulduzları bir-birindən seçə və gün tutulmasını əvvəlcədən hesablaya bilirdilər. Yəni yunanlar ilə digər mədəniyyətlər arasında elmi mübadilə ehtimalı həmişə nəzərdə saxlanılmalıdır.
Fales misirlilərin ibtidai həndəsəsini daha da təkmilləşdirmiş, günəşin istiqamətini hesablamış, piramida daxil olmaqla bir çox fiqurların hündürlüyünü kölgəsinin köməyilə ölçmüşdü.

Falesin “Dənizçilik Astronomiyası” adlı əsər qələmə aldığı ehtimal edilir. Bu əsərdən heç bir yazı parçası (fraqment) dövrümüzə qədər gəlib çatmayıb.
Fales və ondan sonrakı filosoflar məlumatı duyğu orqanları (eksperiment, müşahidə) ilə əldə etməyə üstünlük veriblər.

Hegel Diogenə əsaslanaraq, Falesin olimpiyada oyunlarının birində istilikdən və susuzluqdan vəfat etdiyini bildirir.

Falesin varlıq fəlsəfəsi (ontologiya)

Falesi ən çox maraqlandıran sual bu qədər mürəkkəb təbiətin nədən və necə yarandığıdır. Bu suallara cavab axtararkən filosof əsas maddə (arxe) qismində suyu seçib: “Su hər şeyin arxesi, mənbəyi, təbiəti, səbəbi və özəyidir. Yer planeti bir sini üstündə suda üzməkdədir”. Onun bu seçimi özündən sonra gələcək filosoflar üçün böyük müzakirə mövzusu olub.

Falesə görə dünya

Aristotel “Metafizika” əsərində Falesin arxe fikrini 3 başlıqda təhlil edir. Falesin ilk maddəsi kifayət qədər canlı, daim dəyişikliyə məruz qalan, ancaq öz saflığını itirməyən keyfiyyətdədir. Donanda bərk, isidiləndə qaz halına keçir. Yəni 3 haldan - maye, qaz və bərk haldan ibarətdir. Fales bu açıqlaması ilə dövrün mifoloji izahlarını da dağırtmağa çalışır. Aristotel öz qeydlərində suyun canlılar üçün zəruri olduğunu deyərək, Falesin bu fikrini müdafiə edir.

Fales niyə məhz suyu “arxe” hesab edirdi? Ernst fon Asterə görə Misir səfəri zamanı Nil çayının daşmasına şahid olması və ümumiyyətlə, dənizə yaxın Milet şəhərində yaşaması Falesin düşüncələrinə təsir göstərib.

Ahmet Arslana görə Falesin fikirləri heç də orjinal deyil. Mesopatomiyalıların “Yaradılış” şeirində və digər qədim mənbələrdə yerin və həyatın sudan yaranması ehtimallarına rast gəlinir. Macit Gökberk isə yazır ki, yerin bütün Tanrı və insanların atası olan Okeanın üstündə üzdüyünü fikri Falesin mifologiyanın təsiri altında olduğunu göstərir.

Aristotel “Ruh Haqqında” əsərində belə bir fikir irəli sürür ki, Fales suyu bir tanrı olaraq qəbul edib. Bunun, belə olub-olmaması dəqiq deyil. Fales sudan başqa, ətrafındakı dəmirləri özünə cəlb edən maqnit nümunəsində eynilə canlılar kimi cansız varlıqların da ruha sahib olduqlarına inanırdı. O bu yanaşması ilə həm monizmin (təkmaddəçilik), həm də hilozoizmin (canlı maddəçilik) banisi hesab edilir.


Yadigar Nağıyev
AzVision.az üçün




Teqlər: Fəlsəfə   Fales  





Xəbər lenti