Xırdalandakı yeni məktəb şagird sıxlığını azaldacaq - FOTOLAR

   Xırdalandakı yeni məktəb şagird sıxlığını azaldacaq -    FOTOLAR
  18 May 2023    Oxunub:1804
Mayın 18-də Abşeron rayonu, Xırdalan şəhərinin “Kristal - 2” adlanan ərazisində inşa olunan 2000 şagird yerlik tam orta məktəbə mediatur keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mediaturun məqsədi sözügedən məktəbin inşa işləri ilə yaxından tanışlıq olub.

Qeyd edilib ki, 2000 şagird yerlik məktəb birmərtəbəli idman zalı, yeməkxana yerləşən ikimərtəbəli və digər dördmərtəbəli korpuslar olmaqla ümumilikdə 6 korpusdan ibarətdir. Məktəb binasının fasiləsiz olaraq elektrik enerjisi və istiliklə təmin edilməsi üçün fərdi qazanxana, transformator binalarının tikintisi və dizel generatorunun quraşdırılması da nəzərdə tutulub.

Məktəb sahəsi 2 idman zalı, yeməkxana, 6 laboratoriya, 2 əmək təlimi və 2 məktəbəhazırlıq otağı, hərbi hazırlıq kabineti, 6 informatika kabineti, 3 müəllimlər otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, kitabxana, oxu zalı, 600 yerlik akt zalı və 74 sinif otağından ibarətdir. Hazırda məktəb binasının daxilində son tamamlanma və həyətin abadlıq işləri aparılır. Cari ilin iyul ayında tikinti-quraşdırma işlərinin yekunlaşdırılması nəzərdə tutulur.

Bildirilib ki, Xırdalan şəhərində belə bir məktəbin tikintisi sözügedən ərazidə ümumi təhsil müəssisələrinin sıxlıq probleminin aradan qaldırılmasına köməklik göstərəcək.

Xatırladaq ki, ötən il Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş 2000 şagird yerlik 2 nömrəli, Masazır kəndində isə 960 şagird yerlik 6 nömrəli tam orta məktəb istifadəyə verilib.





AzVision.az


Teqlər:





Xəbər lenti