"Əsas neft yataqlarımız artıq hasilatın azalması mərhələsindədir" - Mikayıl Cabbarov

   "Əsas neft yataqlarımız artıq hasilatın azalması mərhələsindədir" -    Mikayıl Cabbarov
  25 Aprel 2023    Oxunub:1130
"Növbəti illərdə əsas hədəfimiz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video müraciətində qeyd edib.

Nazir deyib ki, bizim əsas neft yataqlarımız artıq hasilatın azalması mərhələsindədir:

"Doğrudur, qaz yataqlarında qaz hasilatı getdikcə növbəti illərdə də artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafı olacaq və sahibkarlarımız, o cümlədən, mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər. Hesab edirəm ki, növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli, bu məhsul asanlıqla oz yerini Azərbaycan bazarında da tapacaq. Məhz bu istiqamətdə iqtisadi siyasət tədbirləri və dəstək tədbirləri davam etdiriləcək".

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti