Adada qeyri-adi və əsrarəngiz göl

Adada qeyri-adi və əsrarəngiz göl
  18 Aprel 2023    Oxunub:2297
Servoqsvatn Voar adasında yerləşən və Farer adalarındakı ən böyük göldür.
Təbiət aləmi inanılmaz hadisələrlə doludur. Onlardan biri Farer adalarında sanki dəniz səviyyəsindən yuxarıda üzən Servoqsvatn adlı ən böyük göldür. Lakin “IFLScience” nəşrinin yazdığına görə, bu, sadəcə bir optik illüziyadır.

AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, Şotlandiyanın zirvəsi, İslandiyanın şərq sahili və Norveçin qərbi arasındakı qeyri-bərabər üçbucağın mərkəzində təxminən 750 adadan ibarət Farer adaları yerləşir. Onlardan 17-də məskunlaşma var.

Onlar bir vaxtlar, yüz illər ərzində Norveçə məxsus olub, indi isə Danimarka Krallığının bir hissəsidir. Bu adalar Şimali Atlantik okeanı ilə Norveç dənizi arasında yerləşir və onların heç birində hər hansı nöqtə sahildən 4,8 kilometrdən uzaqda yerləşmir. Adalardan birinin zirvəsində altında dalğananan dənizin üstündən asılmış kimi görünən Servoqsvatn gölünü tapmaq olar.

Servoqsvatn və ya Leytisvant gölü Farer adalarının ən böyük gölüdür və Voar adasında yerləşir. Maksimal eni 800 metr, dərinliyi isə 59 metrdir ki, bu da onu bu regionda ən dərin göl edir.

Gölün bir çox fotoşəkli elə çəkilib ki, o, okeanın üstündən yüksəkdə asılmış kimi görünür və optik illüziya effekti yaradır. Əslində, göl dəniz səviyyəsindən cəmi 30 metr yüksəklikdə yerləşir və 3,4 kvadratkilometr ərazini əhatə edir.

Bu fotoşəkillər perspektivin nə qədər vacib olduğunu göstərir, axı göl okeandan 30 metrdən çox hündürlükdə üzən kimi görünə bilər. Besdealafossur (Bøsdalafossur) şəlaləsi gölün bir hissəsidir və suyun uçurumun kənarından dənizə axmasına imkan verir.

Bundan əlavə, bu ada strateji əhəmiyyət də kəsb edirdi. İngilislərin Farer adalarını işğalı zamanı gölün qərbində onların alman hərbi gəmilərini müşahidə edə biləcəyi aerodrom tikilmişdi.
AzVision.az



Teqlər: Göl  





Xəbər lenti