Yer tarixində ən ciddi bioloji fəlakət zamanı nə baş verib?

Yer tarixində ən ciddi bioloji fəlakət zamanı nə baş verib?
  11 Aprel 2023    Oxunub:2144
Təxminən 260 milyon il bundan əvvəl baş vermiş Perm kütləvi məhvi Yer kürəsi tarixində ən ciddi bioloji fəlakət hesab olunur. Onun nəticəsində quruda yaşayan növlərin 70 faizindən və okeanlarda yaşayan növlərin 90 faizindən çoxu yox olub.
AzVision.az “Dünya ətrafında” nəşrinə istinadla xəbər verir ki, alimlər indiyə qədər bütün canlıların bu qədər kütləvi şəkildə ölümünə səbəb olan səbəblər barədə ümumi fikrə gəlməyiblər. Ən məşhur fərziyyələr arasında Yerin böyük asteroidlə toqquşması və indiki Sibir və Çinin cənub-qərbində güclü vulkanik fəaliyyətin mövcud olmasıdır.

Məqalələri “Earth and Planetary Science Letters” jurnalında dərc olunmuş beynəlxalq alimlər komandası belə qənaətə gəlib ki, Perm məhvi birdəfəlik hadisə olmayıb, təxminən üç milyon ilə ayrılan iki mərhələdə baş verib, üstəlik hər iki halda səbəb eyni – vulkan püskürməsi olub.

Tədqiqatçılar Cənubi Çin dənizinin dibindən toplanmış çöküntü süxur nümunələrində uran izotoplarının yarı parçalanma profillərini öyrənərək qənaət hasil ediblər. Məlum olub ki, iki dəfə, təxminən 259 və 262 milyon il əvvəl okean suyunda oksigen tamamilə yox idi, onsuz isə həyat mümkün deyil. Alimlər hesab edirlər ki, Yer kürəsini ölü zonaya çevirən növlərin kütləvi şəkildə yox olması məhz bu dövrlərdə baş verib.

Tədqiqatın müəlliflərindən biri, Sinsinnati Universitetinin (ABŞ) geologiya üzrə professoru Tomas Algeo milyonlarla il əvvəl baş verən prosesləri belə təsvir edib: güclü vulkanik püskürmələr zamanı atmosferə nəhəng həcmdə istixana qazlarının atılması səbəbindən okeanın səthi istilənirdi. İlıq su daha az sıxlığa malikdir və yaxşı qarışmır. Buna görə suda həll olunan bütün oksigen okean dərinliklərinə çatmadan yuxarı təbəqələrdə qalıb.

Fəlakətin əsasında vulkanik fəallığın olduğunu təsdiqləyən daha bir sübut yox olma dövrlərinə aid olan alt çöküntülərdə son dərəcə yüksək civə səviyyəsi olub. Algeo izah edib ki, püskürmələr zamanı civə əvvəlcə atmosferə atılır, sonra planetin səthinə çökür və okean çöküntü süxurlarında qalır.

Algeo və onun həmkarları qeyd edirlər ki, Perm dövründə baş verənlər hazırda üzləşdiyimiz qlobal iqlim istiləşməsinin hansı fəlakətli nəticələrə səbəb ola biləcəyini aydın şəkildə göstərir.

AzVision.az



Teqlər:





Xəbər lenti