Qeyd olunub ki, xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Beşmərtəbəli bina 140 çarpayılıqdır və burada əhaliyə 614 nəfərlik tibbi heyət xidmət göstərəcək.
Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası fəaliyyət göstərəcək. Tibb müəssisəsi Almaniya istehsalı olan ən keyfiyyətli avadanlıqla təchiz olunub.
Əsaslı təmirdən sonra yüksək səviyyədə qurulan poliklinikalarda 27 min uşağa və 45 min böyüyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bu poliklinikaların xidmətindən Mərdəkan ilə yanaşı, Şüvəlan, Şağan və Qala qəsəbələrinin əhalisi də istifadə edəcək. Həmçinin diqqətə çatdırılıb ki, məhz bu xəstəxana Xəzər rayonunda fəaliyyət göstərən tibb müəssisələrini yemək və dərman preparatları ilə təmin edir.
Azərbaycanın birinci xanımı xəstəxananın kollektivi ilə görüşüb, səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin də təbriklərini onlara çatdırıb. Əsaslı təmirdən sonra xəstəxanada həm əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, həm də həkimlərin fəaliyyəti üçün gözəl şərait yaradıldığını qeyd edən Mehriban xanım Əliyeva Bakıətrafı qəsəbələrdə geniş abadlıq-quruculuq işlərinin məmnunluq doğurduğunu deyib.
Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış oldu.
Məlumat verildi ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb.
Qeyd edilib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur.
Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman zalı, mətbəx tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 77 nömrəli körpələr evi-uşaq bağçasına gəlib. Bu məktəbəqədər təhsil müəssisəsi də əsaslı təmirdən sonra öz qapılarını balacaların üzünə açıb.
Müəssisənin əvvəlki vəziyyətinin əks etdirən fotolara baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu bina 1963-cü ildə inşa olunub, ötən illər ərzində tam yararsız vəziyyətə düşüb. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq, 2012-ci ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və müasir görkəm alıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və idman zalları, mətbəx yenilənib. Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuşdur.
Mehriban xanım Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirdi.