Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

   Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi
  16 Fevral 2023    Oxunub:917
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

İrəvanın keçmiş müdafiə nazirinin 2 milyonluq villası aşkarlandı - FOTO
Vigen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Müstəntiqlərin fikrincə, o, 2016-2018-ci illərdə nazir vəzifəsində çalışarkən hərbçilərə mənzillərin bölüşdürülməsində qanunsuzluqlara yol verib. Ordu üçün İrəvanın Acapnyak rayonundakı Hasratyan küçəsi 25/6-da bina tikilib. Sarkisyan isə 71 mənzilin bölüşdürülməsi ilə bağlı qərar verməli idi. 2018-ci ilin yanvarında Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyasının üzvlərinə bu mənzillərdən 26-nın növbə siyahısında olmayanlara (nazir onları şəxsən özü seçib), habelə daha 3 mənzilin hərbi qulluqçu olmayan şəxslərə ayrılmasını tapşırıb.

Qeyd edək ki, bir müddət öncə Baş Prokurorluq eks-nazirə qarşı ittiham irəli sürüldüyünü bəyan etmişdi. İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi onun həbsi barədə vəsatəti qiyabi olaraq təmin edib.

Xatırladaq ki, əvvəllər Ermənistan Prezident Aparatında məsul vəzifələrdə də çalışmış və 2018-ci ildə Respublikaçılar partiyasından baş nazirliyə namizəd olmuş Vigen Sarkisyanın adı çirkli pulların yuyulmasında da hallanıb. O, ötən ilin may ayında ABŞ-ın Belmont şəhərində 2 milyon dollara fərdi ev alıbmış. Sarkisyan 2018-ci ildən ABŞ-da yaşayır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti