"Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazırdır" - Mirzoyan
Mirzoyan 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədinin açılmasını, Ermənistandan Adıyamana humanitar yardım göndərilməsini simvolik adlandırıb.
O, Ermənistanın göndərdiyi humanitar yardımın ikinci partiyasının bir neçə saatdan sonra Adıyamanda olacağını da bildirib. Ermənistan xarici işlər naziri ölkənin faciənin nəticələrinin aradan qaldırılmasında qonşu Türkiyəyə kömək etmək qərarına gəlməsinin səbəblərini açıqlayıb.
Mirzoyan xatırladıb ki, 1988-ci ildə baş vermiş dağıdıcı Spitak zəlzələsi erməni xalqının tarixində ən ağır səhifələrdən biri olub və bu gün Türkiyədə minlərlə ailənin ağrısı Ermənistana yad deyil.
Erməni nazir əmindir ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət humanitar böhranlara biganə qalmamalıdır. Məhz bu prinsip əsasında Ermənistan hökuməti zəlzələdən dərhal sonra Türkiyəyə xilasedicilər və humanitar yardım göndərmək qərarına gəlib.
“Ermənistan Respublikası adından minlərlə qurbanların ailələrinə, Türkiyə xalqına və hökumətinə bir daha başsağlığı verir, bütün qurbanların tezliklə sağalmasını arzulayıram... Bu cür təbii fəlakətlər, onların miqyası dövlətlərin hüdudlarından kənara çıxır, ümumbəşəri faciəyə çevrilir”, - Mirzoyan bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: