ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a

// Çinin şarından UNO-ya doğru gedən qəribə yol

 ABŞ əlindən gələni boş qaba çəkir.  "Uçan boşqab"a
  13 Fevral 2023    Oxunub:4090
ABŞ hərbçilərinin Kanada sərhədi yaxınlığında, Huron gölü ətrafında uçan naməlum obyekt (UNO) vurduqlarını iddia etmələri dünyanın media məkanında bomba kimi partlayıb. İddialara görə, obyekt səkkizbucaqlı formada olub və 20.000 fut (6 km-dən bir qədər çox) hündürlükdə müşahidə edilib. Bu səbəbdən də kommersiya təyinatlı təyyarələr üçün təhlükə yaradıb.
Miçiqandan olan konqresmen Elissa Slotkin "Tvitter"də yazıb ki, Hərbi Hava Qüvvələri tərəfindən vurulan naməlum obyekt bazar günü peyda olubmuş: "Bu missiyanı yerinə yetirən hər kəs ortaya əla iş qoyub".

"Wall Street Journal" Kanada rəsmisinə istinadən bildirib ki, obyektin vurulduğu yer ABŞ sərhədindən təxminən 14 mil (22,5 km-red.) aralı olub.

Pentaqon vurulan obyektin hərbi baxımdan təhlükə yaratdığına inanmır. Lakin ABŞ ordusu uçan cihazdan potensial kəşfiyyat obyekti məqsədləri üçün istifadə oluna biləcəyini düşünür.

ABŞ kəşfiyyatı: “UFO-lar milli təhlükəsizliyə problem yaradır” - Hesabat
Maraqlıdır ki, bu, fevralın əvvəlindən bəri dördüncü belə hadisə sayılır. Fevralın 4-də ABŞ ordusu Cənubi Karolina sahillərində şar formasında şübhəli obyekt gördükdən sonra onu "kəşfiyyat cihazı" adıyla vurmuşdu. ABŞ rəsmilərinin sözlərinə görə, bir neçə gün səmada görünən cihaz Çindən gəlibmiş. Onun ölkədəki strateji obyektləri izlədiyi iddia edilirdi. ABŞ ordusu Çinə məxsus şarı məhv etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilmişdi. Pekin rəsmən bunun idarəetmədən çıxan adi meteoroloji zond olduğunu bəyan etmişdi.


Bunun ardınca Pentaqon fevralın 10-da Alyaskanın şimal hissəsində daha bir hədəfi məhv etdiyini bildirdi. Rəsmilərin açıqlamalarına görə, vurulan obyektin heç bir mühərriki və ya idarəetmə sistemi olmayıb. Normal halda isə uçan obyektlər ya süni intellekt, ya da insan tərəfindən idarə olunur. Prezident Co Bayden cümə günü Alyaska üzərində avtomobil boyda olan naməlum uçan obyektin vurulmasını əmr edib. Onun mümkün mənşəyi və funksiyaları barədə rəsmi məlumat verilməyib.

Bu hadisədən bir gün sonra, fevralın 11-də oxşar hadisə yenidən təkrarlanıb. Qırıcı təyyarə ABŞ sərhədindən təxminən 100 mil məsafədə, Kanada hava məkanında, Yukon üzərində olan obyekti sıradan çıxarıb. O, yüksək hündürlükdə uçurmuş.


Baş nazir Castin Trüdo da hər kəsi həyəcanda saxlayan qalmaqallı hadisəyə reaksiya verib: "Kanadanın hava məkanını pozan naməlum obyektin vurulması əmrini verdim. Kanada və Amerika təyyarələri havaya qaldırıldı. Amerikanın "F-22" qırıcısı obyekti uğurla vurub". O, sensasiyalı insidenti ABŞ prezidenti ilə müzakirə etdiyini vurğulayıb. Trüdo bildirib ki, hərbçilər əlavə araşdırmalar üçün obyektin qalıqlarının axtarışlarına çıxıblar.

Kanadanın müdafiə naziri Anita Anand isə şənbə günü keçirdiyi brifinqdə bəyan edib ki, UNO təxminən 12 km. yüksəklikdə uçurmuş və sərnişin və yük təyyarələrinin uçuşlarına təhlükə yaradıb. O bu kiçik obyektin silindrik formada olduğunu vurğulayıb.

Digər diqqət çəkən məqam ABŞ Senatındakı demokratların rəhbəri Çak Şumerin bazar günü ABC telekanalına verdiyi açıqlama oldu. O, deyib ki, ötən həftənin cümə və şənbə günləri vurulan naməlum obyektlər də kəşfiyyat balonları olublar. Amma bu cihazlar ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Karolina sahillərində vurduğu ilk obyektdən çox kiçik olub.

Nəhayət, fevralın 12-də ABŞ qırıcıları yenidən səmaya qalxaraq Huron gölü yaxınlığında dördüncü obyekti vurublar.


Huron gölü üzərində vurulan naməlum obyektin bundan əvvəl baş vermiş digər insidentlərlə bağlı olub-olmadığı hələ də bəlli deyil. Federal Aviasiya Departamenti hərbçilərin məlum əməliyyatını dəstəkləmək və təhlükəsizlik tədbirləri üçün əvvəlcə Montana, sonra Miçiqan gölü üzərində hava məkanını müvəqqəti olaraq mülki uçuşlar üçün bağlasa da, sonradan əvvəlki rejim bərpa edilib.

Baş verən sonuncu hadisədə diqqət çəkən əsas amil isə ABŞ rəsmilərinin ilk dəfə mənşəyi və təyinatı bəlli olmayan naməlum obyekti vurmasını etiraf etmələridir. Əvvəllər oxşar insidentlər baş versə də, Pentaqon ya bunu arxivləşdirib uzun illər gizli saxlayıb, ya da kosmik mənşəli obyekt olmadığını bəyan edərək, hansısa kəşfiyyat cihazını sıradan çıxardıqlarını açıqlayıb.


Hətta 2020-ci ildə ABŞ-ın Müdafiə Nazirliyi “izahı olmayan səma fenomeni”ni təsvir edən üç video yaydı. Görüntülərin 2007 və 2017-ci ildə mətbuata sızdığı bildirilirdi. Pentaqon bəyan etdi ki, məqsəd görüntülərin həqiqiliyi ilə bağlı cəmiyyətdəki yanlış fikirlərə aydınlıq gətirmək olub. Kadrlarda şar formasında olan obyektin fırlanaraq inanılmaz surətlə hərəkət etməsi görünür.

“Huron hadisəsi” haqda məlumat isə dərhal yayıldı. Hərçənd, hələlik təfərrüatlar açıqlanmır.

Tural Tağıyev
AzVision.az


Teqlər:   ABŞ   Kanada   UNO  





Xəbər lenti