İdentiklik mübarizəsinin təzahürləri

İdentiklik mübarizəsinin təzahürləri
  19 May 2014    Oxunub:1265
Azər Sarıyev

İki aydan artıq davam edən işsizlik müddəti cəmiyyətdə baş verən prosesləri yaxından müşahidə etmək imkanı qazandırıb. Ötən vaxt ərzində baş verən hadisələrin təhlilini aparmaq üçün bolluca vaxtım olub.
Təbii ki, cəmiyyətdə gedən proseslər insani subyektlərin, fərdlərin öz identikliyini müəyyənləşdirmə problemlərindən doğan təzahürlərdir. Mediamızın gündəmində olan jurnalist döyülməsi, hansısa oliqarxın müsahibəsində uyğun olmayan ifadə işlətməsi, teleaparıcının qonşusunun evini sökdürməsi, kitab təqdimatları, yeni saytların açılması və s. insani subyektlərin qarşılıqlı münasibətləri məsələsi kimi nəzərdən keçirilməlidir.

Aşağıdan yuxarı mənsub olduğu sosial təbəqədən asılı olmayaraq iki insanın qarşılaşması zamanı onların tanınma, bəlkə də, təbiri caizsə, özünütəsdiqi uğrunda mübarizəsi başlanır. Hər bir subyekt çalışır ki, qarşısındakı(lar), yaxud ətrafındakı(lar) da onu özünü nəzərdən keçirdiyi kimi tanısın və qəbul etsin. Bu, maddi dəyərlərə söykənməyən “mənəvi” mübarizə qarşılıqlı qəbul edilmə uğrunda aparılır. Həmin “ölüm-dirim”, həyat mücadiləsində kimin hansı vasitələrdən istifadəsi artıq mübarizə subyektinin əxlaqı, tərbiyəsi və intellektual səviyyəsinə bağlı məsələdir.

Bütün zümrələri əhatə edən bu həyat mübarizəsində kapital, maddi və intellektual imkanlar artdıqca, fərdlərin vəziyyəti öz nəzarəti altında saxlamaq, özünün və başqasının statusunu müəyyən etməyə yönəlik hərəkət və tədbirlərinin forma və məzmunu imkanlara görə dəyişir. Əgər şəxsin maddi kapitalı və resursları güclü, digər keyfiyyətləri zəifdirsə, o zaman onun mübarizəsi daha primitiv və amansız olur (şərti olaraq “I qrup” deyə işarələyək). Yox, vəziyyət əksinədirsə, o zaman fərd mübarizənin intellektual müstəvidə aparılmasına üstünlük verir (Bunu da “II qrup” deyə işarələyək). Bütün sadalananlara sahib olanın qarşıdurma(lar)dan qalibiyyətlə çıxma şansı daha böyükdür və müşahidələrimiz də bunu göstərir(Bu da olsun “III qrup”).

Elə bir vəziyyət yaranıb ki, qarşılıqlı anlaşmanın və identikliyin bərabərhüquqlu olmayan formlaşmalarına belə bu bərabərhüquqlu olmayan vəziyyətlə razılaşan tərəflər qoşulub. Bu, təcrid olunmuş subyekt tərəfindən özünü və başqalarını daxilən görmə deyil, qarşılıqlı münasibət məsələsidir. Başqaları tərəfindən qəbul edilmədən arzu edilən identikliyə malik olma mümkün deyil.

Özünü yaxın ətrafına qəbul etdirən I qrup mənsublarında kiçik qalibiyyətin və maddi kapitalın doğurduğu psixoloji hiss onları daha böyük və geniş çevrədə mübarizəyə sövq edir. Lakin yaxın çevrəsinin psixologiyası, vərdiş və əxlaq normalarına uyğun vasitələr onların hədəflədiyi geniş topluluqlar və müstəvi üçün keçərli deyil. Bahalı avtomobilləri sürətlə idarə etməklə, dəbdəbəli otellərdə və restoranlarda qızlarla selfie-lər çəkdirməklə, vəhşi heyvan ovunda çəkilmiş fotoları sosial şəbəkələrdə paylaşmaqla bəlkə də hansısa qrupda və dar çərçivədə özünü tanıtmaq olar. Amma hədəf seçilmiş digər sosial təbəqələr daha çox intellektual üstünlükləri qiymətləndirirlər, xüsusən də o şəxs kişi cinsindəndirsə (bizim toplumda).

II qrupdan olanlar bəzi məsələlərdə I qrupa uduzsalar da, nəticədə identiklik mübarizəsində daha çox və tez uğur əldə edirlər. Məsələn, jurnalist-biznesmen qarşıdurmasında (təbii jurnalist haqlıdırsa) birinci tərəf maddi və fiziki arsenalına görə nə qədər zəif olsa da, özünü və onu dəstəkləyənlərin intellektual, mənəvi-əxlaqi və informasiya vasitələrinə çıxış imkanlarına görə döyüşdən qalib tərəf kimi çıxırlar. Hətta günahkar birinci tərəf olduğu təqdirdə belə ikincinin üstünlük əldə etməsi asan başa gəlmir.

Qeyd etdiyim kimi, identiklik mübarizəsində ən şanslı subyekt III qrup mənsubudur. Maliyyə və intellektual kapitala sahib, cəmiyyətin təqdir etdiyi mənəvi-əxlaqi dəyərlərə sadiq şəxsin indentik məqsədlərinə yetişməsi bir o qədər də çətin olmur. Məsələn, bunu son illər parlayan uğurlu iş adamı Taleh Heydərovun timsalında görə bilərik. Adı çəkilən şəxs başqaları kimi, bahalı avtomobil və silah nümayişi, zəngin məclislərində boy göstərməklə, ayı boğmaqla özünü anlamır və anlatmır. Sözügedən mübarizəni intellektual müstəvidə aparır. Taleh Heydərovun diaspor, idman sahəsindəki fəaliyyətini xatırlamaq kifayət edir...Həmin gənc iş adamının adını qənaətimizi və mülahizələrimizi gücləndirmək üçün çəkdik və mövzudan uzaqlaşamdan bildirim ki, I və II qruplardan yazdığım zaman da nümunələr göstərə bilərdim. Amma etiraf edim ki, kiminləsə məhkəmədə üzləşməyə həvəsli olmadığımdan mülahizələrimi konkret misallarla xırdalamaq istəmədim. Hesab edirəm ki, arif oxucu birinci iki qrupa kimlərin aid olduğunu müəyyənləşdirməkdə çətinlik çəkməyəcək.



Teqlər:  





Xəbər lenti